Ülviyyə Fətəliyeva: “Mükafatlandırmada komanda yoldaşım Günayla birgə olmaq...”
03.09.2022 - 13:14
Ülviyyə Fətəliyeva: “Mükafatlandırmada komanda yoldaşım Günayla birgə olmaq...”

“Avropa çempionatına qələbə üçün yollanmışdım. Hər zaman məqsədimiz birinci olmaqdır”. 

Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın paytaxtı Praqada şəxsi Avropa çempionatında bürünc medal qazanan Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva deyib. 

O, uğurunu AŞF-nin rəsmi saytına şərh edib: “Fikrimcə, qadın şahmatçılarımız Hindistandakı olimpiada da yaxşı çıxış etdi. Olimpiadada son turda gürcüləri yensəydik, çempion da olardıq. Biz mart ayından etibarən Olimpiadanın hazırlıqlarına başlamışdıq. İntensiv təlim-məşq toplanışları nəticəsini göstərdi. Tarixdə bir ilkə imza atmağımız olduqca fərəhlidir. Medal qazandığıma görə çox şadam. Mükafatlandırmada komanda yoldaşım Günayla birgə olmaq isə xüsusilə sevindirici oldu. Uğurumuz gərgin məşqlərin nəticəsidir. Ən çətin görüşüm qızıl medalçı Soçko ilə doqquzuncu tura təsadüf edirdi. Ağ fiqurlarla oynamağımdan istifadə etməyə çalışdım, amma alınmadı. Əslində yaxşı üstünlük əldə etmişdim. Vaxt azlığında bir neçə səhv buraxaraq çətin vəziyyətə düşdüm. Hər halda, oyunda heç-heçəyə nail oldum”.

Ülviyyə Fətəliyeva sentyabrın 21-24-də Şuşada keçiriləcək superturnir barədə də fikirlərini bildirib: “Çox həyəcanlıyıq. Əzəmətli Şuşada şahmat oynamaq hər birimizin arzusudur. Bu yarışa xüsusi hazırlaşacağıq. Şuşadakı turnirdə də yüksək yerlər uğrunda mübarizə aparacam”.

Qeyd edək ki, Avropa çempionatında Günay Məmmədzadə gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medal əldə edib.
 

0