Vaqif Cavadov: “Rəqib “Qarabağ”dır, “Neftçi”də təzyiq var”
28.09.2022 - 17:38
Vaqif Cavadov: “Rəqib “Qarabağ”dır, “Neftçi”də təzyiq var”

Azərbaycan yığmasının və “Qarabağ”ın sabiq futbolçusu Vaqif Cavadovun apasport.az saytına müsahibəsi

- Vaxtilə formasını geyindiyiniz “Qarabağ” oktyabrın 1-də Misli Premyer Liqasının VIII turunda əzəli rəqibi “Neftçi” ilə qarşılaşacaq. Matçdan gözləntiniz nədir?
- “Qarabağ” indi çox yaxşı formadadır, yüksək səviyyədə oyun nümayiş etdirir. Bundan başqa, futbolçuların psixoloji durumu da yüksəkdir. Bu, həm futbolçular, həm də komanda üçün çox önəmlidir. “Qarabağ”la müqayisədə “Neftçi”də təzyiq var. Çünki rəqib “Qarabağ”dır. Bu oyunda bütün gözlər “Neftçi”də olacaq ki, çempionluq uğrunda mübarizədə əsas favoritlə qarşılaşacaq. Bu baxımdan “Neftçi”nin futbolçularına psixoloji yük düşəcək. Ancaq nəyəsə nail olmaq istəyirlərsə, “Qarabağ” kimi, onlar da bu yükün altında çıxmağı bacarmalıdırlar. Bu komandalarım qarşılaşmaları həmişə maraqlı olub. Azarkeşlər də bu duelləri səbirsizliklə gözləyirlər. Güclü olan qalib gəlsin.

- Futbolçuların çoxunun milli komandalardan dönmələri hansı komandaya daha çox mənfi təsir göstərər?
- Təkcə millinin oyunları yox, avrokuboklar zamanı da müəyyən problemlər olub. “Neftçi” Avropa Liqasında qrupa adladığı mövsüm necə ki bütün diqqətini avrokuboklara yönəldirdisə, son illər bunu “Qarabağ” edir. Adətən belə vəziyyətdə komanda çempionata zəif başlayır, sonradan qələbələri sıralayırdı. Amma “Qarabağ” bu mövsüm hər iki cəbhədə çox yaxşı oyun nümayiş etdirir, maksimum xallar toplayır. Bu baxımdan “Qarabağ”ın hansısa problemlə üzləşəcəyini düşünmürəm.

- “Qarabağ” “Neftçi” ilə oyundan beş gün sonra Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la səfərdə qarşılaşacaq. Sizcə, Ağdam klubu əsas diqqətini Yunanıstandakı matça saxlayacaq?
- Qurban Qurbanovu çox yaxşı tanıyıram. O, hər iki cəbhəyə eyni gözlə baxacaq. “Qarabağ”ın birinci və ikinci heyəti yoxdur. Sadəcə, orada hər bir futbolçuya eyni gözlə baxılır. Buna görə də ortada nəticə var. Bu üzdən “Qarabağ” həm “Neftçi”, həm də “Olimpiakos”la görüşə eyni gözlə baxacaq.

- Siz də hamı kimi, “Qarabağ”ı matçın favoriti hesab edirsiniz?
- Şübhəsiz ki, favorit “Qarabağ”dır. Amma “Neftçi” də futbolumuzun “flaqman”ıdır, hər zaman liderlər sırasında qərarlaşıb. “Qarabağ” bu görüşün favoriti ola bilər. Amma bu o demək deyil ki, indidən çempiondurlar.

- Bu oyunun nəticəsi sonda çempionluğun taleyinə təsir göstərə bilərmi?
- Bu, çempionluq oyunu deyil. Mövsüm hələ yeni başlayır, irəlidə çox matçlar olacaq.
 

0