
"Sabah" Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində "Neftçi" ilə 1:1 hesablı heç-heçəyə razı olaraq, finala yüksəlib.
Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Birinci hissə qarşılıqlı hücumlar şəraitində keçdi. Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. İkinci hissədə qələbəyə yaxın idik. Çox qol fürsətimiz oldu. İki oyunun nəticəsinə görə finala layiq biz idik. Uşaqlar xarakter göstərdilər. Yaxşı oyun göstərdik".
- Hesab arasındakı fərq daha böyük ola bilərdi. Amma konsentrasiya ilə bağlı problem var idi. Bu məqam finalda sizə nə qədər problem yarada bilər?
- Bu, əvvəlki oyunlarımızda da baş verib. Epizodları reallaşdıra bilmirik. Bunun üzərində işləyirik, amma asan deyil. Bəzən ustalıq çatışmır, bəzən konsentrasiya pozulur, bəzən də yorğunluq öz sözünü deyir və nəticədə yaradılan fürsətləri qola çevirə bilmirik.
- "Sabah"la tarix yaza bilərsiz. Bu haqda nə deyə bilərsiz?
- Hədəfimizə çatmaq üçün bir addım qalıb. Bu tituldur, prestijdir. Əlimizdən gələni edəcəyik ki, onu qazanaq.
- Həftəsonu "Qarabağ"la oyununuz var və finalda da rəqib onlardır. Yəqin ki, hər iki matça fərqli hazırlaşacaqsız?
- Növbəti matçda rotasiyalarla oynayacağıq. 4 gün içərisində üçüncü oyunumuzu oynayacağıq. Finalda isə hər şey ola bilər. Əlimizdən gələn hər şeyi edəcəyik.
- Niyə ilk oyundan sonra dominant futbolu oynamadınız?
- Düşünürəm ki, ikinci hissədə dominant futbol oynayırdıq. Qol vurmaq üçün şanslarımız var idi. Əsas odur ki, finaldayıq.
- Mövsümün finalına 5 tur qalıb, kubokun finalına isə bir ay qalıb. Çempionat oyunlarına fikir verəcəksiz, yoxsa əsas məqsəd finalda qazanmaqdır?
- Əlbəttə. Çempionatın hər oyunu bizim üçün önəmli olacaq. Biz hər oyunda qələbə üçün oynayacağıq ki, qalib gələk.
- Leoni Slutskini Bakıya dəvət edəcəksiz finala baxsın?
- Məmmuniyyətlə onu dəvət edərdim. Çindəki oyun qrafiklərini bilmirəm. Düşünürəm ki, dəvət etsəm, böyük məmmuniyyətlə gəlib oyuna baxar.