Vernidub: “Nəyə qadir olduğumuzu göstərmək istəyirik”
29.07.2026 - 23:25
Vernidub: “Nəyə qadir olduğumuzu göstərmək istəyirik”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Dinamo” (Minsk) ilə keçiriləcək cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, ukraynalı mütəxəssis komandanın ilk oyundakı məğlubiyyətdən nəticə çıxardığını bildirib:

“Belə oyunlardan sonra psixoloji zərbə almış oluruq. Buna baxmayaraq, düşünürəm ki, bu matça hazırıq və nəyə qadir olduğumuzu göstərmək istəyirik. Əgər xarakterimiz varsa, meydana çıxıb sonadək vuruşacağıq. Buna görə də sabahkı oyunu gözləyirik. Bilirəm ki, rəqib də bizimlə görüşə hazırlaşır. Sabah artıq aydın olacaq ki, biz hara gedirik.

Yeganə istəyim budur ki, futbolçularım bunu dərk etsinlər və meydanda göstərsinlər, kişi kimi mübarizə aparsınlar. Bütün futbolçularımız sağlamdır və sərəncamımdadır.

İlk matçdakı məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Sabah “Neftçi”yə layiq oyun göstərmək, hər zaman qələbə qazanmaq əzmində olduğumuzu nümayiş etdirmək istəyirik. Arzu edirəm ki, azarkeşlərimiz həm çətin, həm də yaxşı günlərdə bizimlə olsunlar”.

Qeyd edək ki, “Dinamo” (Minsk) – “Neftçi” qarşılaşması iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.