Vitali Borisov: “Şanslar bərabərdir”
10.10.2023 - 22:21
Vitali Borisov: “Şanslar bərabərdir”

“Əhval-ruhiyyəmiz yaxşıdır, hər kəs qarşılaşmaya köklənib”.

Apasport.az saytı xəbər verir ki, bunu futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Vitali Borisov deyib.

DÇ-2024-ün elit mərhələsində Qazaxıstanın qonağı olacaq millimizin çalışdırıcısı hazırlıq prosesindən bəhs edib. Borisov şansların bərabər olduğunu bildirib:  “Komandada ümumi olaraq vəziyyət yaxşıdır. Birinci oyundan sonra iclasımız oldu, səhvlərimizi və müsbət məqamları müzakirə etdik, ikinci görüşdə nələri etməli olduğumuzu dedik. Bakıdan dünən axşam saatlarında yola çıxdıq və bu gün oyunun keçiriləcəyi Arenada matçöncəsi məşqimizi reallaşdırdıq. Arena çox yaxşıdır, parket sürətli oynamağı tələb edir. Ümid edirəm ki, sabah bizi maraqlı görüş gözləyir. Şanslar bərabərdir. İlk oyunla müqayisədə heyətimizdə bir dəyişiklik var. Sarı vərəqə limitini doldurduğuna görə cəzalı duruma düşən Felipinyonu Amir Sojaei ilə əvəzləmişik. Uşaqlarda istək böyükdür. Müsbət nəticə qazanmaq üçün sanki alışıb-yanırlar”.

Qeyd edək ki, Qazaxıstan – Azərbaycan qarşılaşması sabah 18:00-da start götürəcək.
 

0