Vitali Borisov: “Səfərdə çətin olacaq”
06.10.2023 - 22:28
Vitali Borisov: “Səfərdə çətin olacaq”

Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Qazaxıstan oyunundan sonra (2:4) millimizin baş məşqçisi Vitali Borisovun mətbuat konfransı baş tutub.

Apasport.az xəbər verir ki, gənc mütəxəssis Bakı İdman Sarayında təşkil olunan matç barədə fikirlərini açıqlayıb:

“Çətin  oyun oldu. Rəqib yaxşı hazırlaşmışdı. 10 gün əvvəldən toplanışa yığışmışdılar. Uşaqlar mübarizə apardılar, məncə yaxşı oynadılar. Fikrimcə, hakim 3-cü qolda səhvə yol verdi. Oyunçumuz topu fitsiz başladığına görə referi yenidən fit verdi. Belədə topa yenidən toxunuş olmalı idi. Amma bizim dayanmağımıza baxmayaraq, rəqib futzalçı topu götürüb qapımıza qol vurdu. Halbuki bundan əvvəl belə bir epizod olmuşdu, hakim yenidən oyunu başlamışdı”. 

Borisov rəqib qapıçının oyununu da vurğulayıb: “Rəqibin qapıçısı da onlar üçün əlavə üstünlük qazandırır. Düzdür, qolu onun səhvindən vurduq. Amma İqitanın zərbələri çox futzalçıdan qüvvətli və dəqiq olur. Qazaxıstan millisinin 6 üzvü bir klubda, 11 oyunçusu isə eyni çempionatda oynayır. Hazırlığa oktyabrın 2-də başlasaq da, tam heyətlə cəmi 2 gün məşq etdik. Oyunçular klublarından gec gəldilər. İlk məşqdə cəmi 6 oyunçumuz var idi. Yalnız son məşqdə tam heyətlə hazırlaşdıq”.

Borisov Astanda baş tutacaq qarşılaşma barədə də danışıb: “Cavab oyununda hazırlaşacağıq. Hər şey ola bilər. Felipinyo ikinci sarı vərəqə aldığına görə, cəzalı vəziyyətə düşdü. Sağ ayaqla oynayan 2 oyunçudan birini itirdik. Səfərdə çətin olacaq. Çünki zal tam dolacaq və komandalarını qələbəyə səsləyəcəklər. Biz də meydana uduzmaq üçün çıxmayacağıq. Rəhbərlik qarşımıza dünya çempionatına vəsiqə qazanmaq tapşırığı qoyub”.

0