Voyislav Stankoviç: "Neftçi" yaxşı futbolçunu asanlıqla buraxır" - Müsahibə
22.12.2023 - 13:07
Voyislav Stankoviç: "Neftçi" yaxşı futbolçunu asanlıqla buraxır" - Müsahibə

Uzun illər “Neftçi”də oynamış, hazırda Serbiyada “Jelezniçar Pançevo” klubunda çıxış edən Voyislav Stankoviç apasport.az saytına müsahibə verib.

“Neftçi”nin heyətində Azərbaycan çempionluğunu qazanmış serbiyalı “ağ-qaralar”ın bu mövsümkü çıxışını dəyərləndirib:

- “Jelezniçar Pançevo”nun hazırda vəziyyətinin düzəldiyini demək olar? Çünki sonuncu pillədən qurtulmusuz...
- Bəli, biz daha yaxşı oynamağa, qələbələr qazanmağa başladıq. Məğlub olduğumuz oyunlar da olur. Amma potensialımız imkan verir ki, Premyer Liqada qalaq. Qarşıda çox oyun var. Ümid edirəm ki, qış hazırlığından sonra daha yaxşı olacağıq. Necə olacağını isə zaman göstərəcək.


- Sabiq komandan “Neftçi”hazırda beşinci pillədə  qərarlaşıb. Bu, sənin üçün gözlənilməz deyil ki?
- Təəssüflər olsun ki, “Neftçi” kimi komanda turnir cədvəlində beşinci pillədə yer alıb. Klub bu pillələrdə yer almağa layiq deyil. Orada çoxlu dəyişikliklər baş verdi. Rəhbərlik dəyişib, baş məşqçi də, oyunçular da. Amma düzünü deyim, “Neftçi” oyunu ilə beşinci pillədə olmağa layiqdir. Çünki onlar yaxşı futbol oynamırlar. Bilmirəm, onlardan nə tələb olunur. “Neftçi”nin sabiq futbolçusu kimi bu komandanın hazırda oynadığı futbol heç xoşuma gəlmir. Turnir cədvəlindəki yerləri də hər şeyi aydın göstərir.


- “Neftçi” yayda baş məşqçisini dəyişdi, 11 yeni futbolçu transfer etdi. Səncə, komandanın uğurlu çıxış etməsi üçün nə lazımdır?
- Hər mövsüm “Neftçi”də çoxlu dəyişikliklər olur. Bu isə heç də yaxşı hal deyil. Yaxşı nəticələr istəyirsənsə, komandanın özəyini qoruyaraq, hər mövsüm 2-3 yeni oyunçu ilə heyəti gücləndirmək lazımdır. Yox, əgər hər yay 10-11 futbolçu dəyişdirilirsə, heç vaxt heç bir nəticə olmayacaq. Üç il əvvəl çempion olduq. Çempion olduqdan sonra iki dəfə daha zəiflədik. Niyə? Çünki 5-6 əsas oyunçumuz getdi, yeni oyunçular gəldi. Təzə oyunçular da bizə həmin anda kömək edə bilmədilər. Keçən mövsüm də eynisi oldu, uğurlu olmadı. İki il əvvəl dəyişiklik edildiyi üçün belə alındı. “Neftçi”nin əsas problemlərindən biri odur ki, hər il heyətdə kadr dəyişikliyi çox edilir. Yaxşı futbolçuları da asanlıqla dəyişirlər. Əsas heyətdə oynayan səviyyəli futbolçunun bir il sonra asanlıqla gedişinə razı olmaq olmaz. Həmin futbolçunu komandada saxlamaq lazımdır. “Neftçi”də isə belə hadisələr hər il olur. Müqavilən başa çatır, əgər futbolçu maaşının azca yüksəldilməsini istəyirsə, əvvəlki rəhbərlik bununla razılaşmırdı və həmin futbolçu komandadan gedirdi. Yenisi gəlirdi. Ona görə də, belə nəticələr olur. 


- Yeni transferlərdən daha çox kimi bəyənirsən?
- Bu yay edilən transferlər haqda bir şey deyə bilmərəm ki, kimsə gəlib komandanı gücləndirib. İndi komandanın ən yaxşısı, ya əvvəl gələnlərdir, ya da əvvəldən Azərbaycan Premyer Liqasında oynamış oyunçulardır. Ona görə də, yeni transferlərdən kimisə deyə bilmərəm ki, mənim çox xoşuma gələn var. Bilirəm ki, transferlərə çoxlu pullar xərclənib. Amma “Neftçi”nin qollarını yenə 2-3 ildir ki, komandada oynayanlar vurur. Rəhman Hacıyev nə qədər qol vurur, Eddi İsrafilov avrokuboklarda fərqləndi. Emin Mahmudov yaxşı futbol nümayiş etdirməyə çalışır. Onun üçün də asan deyil. Çünki yeni oyunçular gəlib. Onlara adaptasiya olması da çətin olur. Çox dəyişiklik olanda da, çətindir. Hər şey pulda deyil. Bayaq dediyim kimi, əgər futbolçu özünü yaxşı göstərirsə, “Neftçi” həmin futbolçuya yeni və yaxşı şərtlərlə müqavilə təklif etmir ki, komandada 2-3 il yenə eyni heyətlə qalsın. Klub yaxşı futbolçunu asanlıqla buraxır. Digər komandalar necə edir, görürük. “Qarabağ” bunu əla edir. “Qəbələ” isə ən pis nümunədir. Məsələn, onlar ölkə kubokunu ötən mövsüm qazandı. Amma bundan sonra 7 futbolçu komandadan getdi. İndi də onlar sonuncu pillədə qərarlaşıb. Çünki heyətlərini saxlaya bilmədilər, ən yaxşılar getdi, yenilər gəldi. Amma yenilər də onlar istədiyi kimi deyil. 


- “Neftçi”nin hazırkı müdafiə xəttinin sizin vaxtkı müdafiə xəttindən güclü olduğunu düşünürsən?
- “Neftçi”nin hazırkı müdafiə xəttinin yaxşı olduğunu deyə bilmərəm. Hər oyun qollar buraxırlar. Düzdür, biz də ötən mövsüm müdafiədə stabil oynamırdıq. Amma 100 faiz əminəm ki, “Neftçi” ötən mövsüm daha yaxşı futbol oynayırdı. Ötən mövsüm müdafiəmiz daha yaxşı idi. Ən güclü müdafiə xəttimiz isə çempion olduğumuz mövsüm idi. Çünki çox yaxşı müdafiəçilərə sahib idik. Ona görə də, böyük nəticə göstərə bilmişdik.


- Səncə, “Neftçi” mövsüm sonunda Azərbaycan çempionu və ya kubokunu qazana bilər?
- Hazırda gördüyüm “Neftçi”dən danışırıqsa, onların çempionluq və kuboku qazanmağından heç bir söhbət gedə bilməz. Heç cür ola bilməz. Ötən mövsüm stabil futbol oynaya bilmirdik. Ancaq kubokda finala vəsiqə qazandıq. Lakin qazanmağı bacarmadıq. Bəli, yeni oyunçular gəlib. Ancaq hazırki komandada heç bir perspektiv görmürəm. Bəlkə də, qış fasiləsində nəsə dəyişər, bəlkə yenə də yeni transferlər etdilər. Lakin bu mövsüm, bu ana qədərki “Neftçi”də yaxşı heç nə olmayacaq. Bunu görmək o qədər çətin deyil. 

0