44-ündən geridə, 62-sindən öndə
23.06.2014 - 11:48
44-ündən geridə, 62-sindən öndə

Ölkəmizin şose velosipedi üzrə gənclərdən ibarət yığma komandasının 5 üzvü iyunun 20-22-də Almaniyanın Karlsberq şəhərində keçirilən turnirdə iştirak edib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvim planında "Millətlər Kuboku" adı altında yer alan yarışın 2-ci mərhələsi kimi xarakterizə olunan və "Trofeo Karlsberg" adlanan yürüşdə idmançılarımız ümumilikdə 286 km məsafə qət ediblər.

 

Yarışın 98.6 km-lik 1-ci mərhələsində idmançılarımızdan Elgün Əlizadə starta çıxan 107 iştirakçı arasında 17-ci nəticə göstərib. 79 km-dən ibarət olan 2-ci mərhələdə Elgün nəticəsini bir qədər də yaxşılaşdıraraq finişi 16-cı keçib. Ən nəhayət, sonuncu yarış günü iştirakçılar çətin yollarla 100 km məsafə qət ediblər ki, burada da yığma komanda üzvlərimizdən mərhələni ən tez başa vuran Elgün Əlizadə olub.

 

Beləliklə, 3 mərhələnin yekununa əsasən, yarış qalibinə 6 dəqiqə, 32 saniyə uduzan Elgün Əlizadə 107 velosipedçi arasında 45-ci yeri tutub.

 

Qeyd edək ki, gənc velosipedçilərimiz aprelin sonlarında Xorvatiyada "Millətlər Kuboku" turnirinin 1-ci mərhələsi olan və "Trofeo Karlsberg"ə nisbətən asan marşrutları ilə xarakterizə edilən “Tour of İstria” yarışında da iştirak ediblər. Bu turnirdə də idmançılarımızdan ən yüksək nəticəyə Elgün Əlizadə imza atmış və yarış qalibindən 36 saniyə geri qalmaqla 28-ci olmuşdu.

 

0