[b]“İstefamı kimsə görməyəcək” - FİDE prezidenti[/b]
10.04.2018 - 11:19
[b]“İstefamı kimsə görməyəcək” - FİDE prezidenti[/b]

“İstefamı kimsə görməyəcək. Vəzifəmi tərk etmək fikrim yoxdu”. Apasport.az saytının məlumatına görə, bunu FİDE prezidenti Kirsan İlyumjinov deyib.

 

FİDE-nin Prezident Şurası Minskdə keçirilmiş iclasında İlyumjinovun dərhal istefasını tələb edib. Onlar bu qərarını rusiyalı funksionerin ABŞ-ın tətbiq etdiyi sanksiya siyahısında yer alması və təşkilatın bu səbəbdən ciddi maliyyə çətinlikləri yaşaması ilə əlaqələndiriblər.

 

1995-ci ildən FİDE-yə rəhbərlik edən İlyumjinov isə Prezident Şurasının qərarını qərəzli adlandırıb: “Bu, məni prezidentliyə namizədlikdən çıxarmağa xidmət edir. Buna baxmayaraq, mən yenidən namizədliyimi irəli sürəcəm. Seçkilərdən öncə 30-40 ölkəyə getməyi planlaşdırırdımsa, indi 70-80 ölkəyə gedəcəm. Çünki bu bəyanat mənə əlavə stimul verdi. Daha çox gəzib, ölkələrdən birinin absurd sanksiya siyasətinin yersiz olduğunu sübut edəcəm. Mənə sanksiyanı ABŞ tətbiq edib. FİDE-yə isə 188 ölkə daxildi. Əgər sabah Rusiya, Monqolustan, ya da Trinidad və Tabaqo FİDE-nin hansısa rəsmisinə sanksiya tətbiq etsə, bu o demək deyil ki, biz onu qovacağıq. Bu, beynəlxalq idman təşkilatının işinə müdaxilə etməkdi. Hesab edirəm ki, idman siyasətdən kənardı”.

 

Qurum rəhbəri Rusiya mətbuatına hansısa maliyyə sıxıntıları yaşamadıqlarını da vurğulayıb: “2 ay əvvəl belə şayiələr yayıldı ki, İsveçrə bankındakı hesablarımız dondurulub. Onda da demişdim ki, bu, boş şeydi. Heç bir hesabımız dondurulmayıb. Fabiano Karuananın qələbəsi ilə bitən Berlindəki iddiaçılar turniri də daxil olmaqla, FİDE-nin bütün tədbirləri baş tutub. Karuana, Karyakin, Kramnik, bir sözlə hamıdan, o cümlədən hakimlərdən də mükafatlarını alıb və ya almadıqlarını soruşa bilərsiz. FİDE-nin vitse-prezidenti Georgios Makropulos da prezidentliyə namizədliyini irəli sürüb və buna görə də mənə qarşı kompaniya başlanılıb. Prezident Şurası isə heç nədən FİDE-nin Moskvadakı nümayəndəliyini bağlayıb. Hərçənd bu nümayəndəlik şahmatı məktəblərdə fəal şəkildə inkişaf etdirirdi. Bundan da itirən şahmat oldu”

0