“Bizim idmançılarla bərabər Ermənistan, Qazaxıstan, Rumıniya və digər ölkələrin yığmalarında da dopinq-testlərin nəticələri müsbət çıxıb. Buna görə də onların hamısı cəzalandırılıb. Yəni, ağırlıqqaldıranlarımızın məqsədli cəzalandırılmalarından söhbət gedə bilməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.
Rəhimov 9 ağırlıqqaldıranımızın dopinq-testdən keçə bilməyərək, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən cəzalandırılmasına münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycanda idman sahəsində çalışan bütün insanlar dopinqin əleyhinədir: “2006-cı ildən Gənclər və İdman Nazirliyində dopinqə qarşı mübarizə sektoru yaratmışıq. Bu gün Azərbaycan dopinq-testlərin göndərilməsi baxımından MDB ölkələri arasında Rusiya və Ukraynadan sonra 3-cü yerdədir. Hər il 500-dən artıq analizi müxtəlif laboratoriyalara göndəririk. Sözsüz ki, dopinqə qarşı mövqeyimiz çox ciddidir. Biz bununla sonadək mübarizə aparmağa hazırıq. Belə halları nə dəstəkləyə, nə əlavə bir söz deyə bilərik”.
Nazirin fikrincə, bəzi hallarda prosessual məsələlərdə və ya dopinq-testin götürüldüyü təşkilatda sadə səhvlərə yol verilir. O səhvlərin nəticəsində idmançı da günahsız ola-ola cəzalandırıla bilər: “Ona görə də biz tam şəkildə bu məsələ ətrafında yaxşı mənada istintaq aparır, baxırıq. Ağır Atletika Federasiyası ilə görüşümüz olub və onun nəticəsində Milli Olimpiya Komitəsi və nazirliyimiz tərəfindən idmansevərlərə və mediaya rəsmi məlumat çatdırılacaq, növbəti addımlar barədə açıqlamalar veriləcək”.
Qeyd edək ki, ağırlıqqaldıranlarımızdan 8-i 2 illik, Zülfüqar Süleymanov isə ömürlük diskvalifikasiyaya məruz qalıb. Azərbaycan Ağır Atletika Federasiyasına isə 500 min dollar cərimə kəsilib.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"