“Xəzər Lənkəran”ın Redniki dəstəklədiyi kimi, “Neftçi” də Mutuya dəstək olsa..." - Müsahibə
13.12.2023 - 16:19
“Xəzər Lənkəran”ın Redniki dəstəklədiyi kimi, “Neftçi” də Mutuya dəstək olsa..." - Müsahibə

"Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü Adrian Pit apasport.az saytına müsahibə verib. O, həmyerlisi, "Neftçi"nin rumıniyalı baş məşqçisi Adrian Mutu haqda danışıb. Bununla yanaşı, vaxtı ilə Lənkəran klubunu çalışdıran Mirça Redniki xatırlayıb:

-Adrian Mutunun komandası "Neftçi" turnir cədvəlində üçüncü pilləyə yüksəldi. Amma "Neftçi"dən gözləntilər daha yüksəkdir...
-Azərbaycanda da Rumıniyadakı kimidir. Bir komanda istənilən rəqibə qalib gələ bilər. Yalnız “Qarabağ”dan başqa. Onları məğlub etmək heç vaxt asan deyil. Hamı bilir ki, “Neftçi” titullar uğrunda mübarizə aparmalıdır. Amma onlara yeni oyunçular lazımdır. 

-Rumıniya mətbuatı yazır ki, ÇFR Kluj Mutu ilə maraqlanır. Səncə, bu, doğrudur? Ümumiyyətlə, doğru ola bilər? 
-Bəli, Mutunu baş məşqçi postunda görmək istəyən Rumıniyada çox komanda var. Rumıniyadan kənarda da onunla maraqlananlar var. “ÇFR Kluj”un baş məşqçisi var, Mandorlini...Onlar çempionatda hazırda ikinci pillədədir, bu mənada, onu dəyişmək asan deyil. Amma futbolda hər şey mümkündür.

-Rumıniya mətbuatı daim rumıniyalı məşqçilərə dəstəyini göstərir. Ötən mövsüm Laurentsiu Regekamfpın "Neftçi"də işləri yaxşı getmədikdə, “Styaua”nın onunla maraqlandığını yazırdılar. Bu dəfə isə Mutunun "Neftçi"də işləri yaxşı getməyəndə, “ÇFR Klujun” onu istədiyini yazdılar. Səncə, bu, dəstək forması deyil?
-Dəstək olduqlarını düşünmürəm. Bilirsiz niyə deyirəm? Çünki bir oyunda uduzan kimi dərhal mənfi yazılar yazırlar. Regenin “Neftçi”dən gedəndə, yeni komandası var idi. Məncə, Mutu ilə bağlı da məsələ belə olacaq.

-"Neftçi" qalib gəlsə də, komanda effektiv futbol nümayiş etdirmir. Halbuki, "Neftçi"ni daim dominant oynayan kimi görmüşük, buna adət etmişik. Səncə, nə vaxt "Neftçi" dominant oynayacaq?
-Əvvəl də, sizə demişdim, məncə, indi komandalar tarazlaşıblar, ona görə də oyunları qazanmaq heç asan deyil. Bəlkə qış dövründən sonra daha yaxşı oldu. O da, əgər “Neftçi” yeni oyunçular gətirərsə. Xüsusən də irəli ucda çox yaxşı hücumçuya ehtiyac var. Hansı ki, çoxlu qollar vuraraq, komandaya nəticələr qazandıracaq. “Neftçi”də həmişə yaxşı oyunçular olub. Ona görə də indi pul xərcləmək lazımdır ki, rəqiblər üzərində üstünlük qazansınlar (gülür).

-Azərbaycanda indiyə qədər rumıniyalı məşqçilər işləyib. Demək olar ki, ən yaxşı nəticə göstərən Mirça Rednikdir. Səncə, Mutu Rednikdən daha uğurlu olacaq?
-Məncə o vaxt Mirça Rednik “Xəzər Lənkəran”da vəziyyəti necə idarə edəcəyini bilsəydi, ona Lənkəranda heykəl tikərdilər. Çünki onu orada çox sevirdilər. Klubun idarə heyəti də onun istədiyi oyunçuları gətirməsi üçün Rednikə çox dəstək oldu və biz tez bir zamanda ölkə kubokunu qazandıq. Əminəm ki, “Xəzər Lənkəran”ın Redniki dəstəklədiyi kimi, “Neftçi” də Mutuya dəstək olsa, uğur qazanacaqlar.

-Yəqin ki, mövsüm titulsuz başa vurulsa, Mutu postundan göndəriləcək...
-6-7 aydan sonra nələrin olacağını yalnız Allah bilir. Görək, qış fasiləsindən sonra nələr baş verəcək. Hansı oyunçular gələcək, Adrian Mutu qalacaqmı. “Neftçi” həmişə qalib olmalıdır. Digər komandalar liqaya tam nəzarəti ələ keçirən “Qarabağ”ı dayandırmaq üçün mübarizə aparmalıdır.

0