Zaur Bayramov: "Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir"
16.04.2024 - 17:22
Zaur Bayramov: "Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın  kütləviləşməsidir"

"Tennis.az" klubunun təsisçisi Zaur Bayramov apasport.az saytına müsahibə verib. 

- Həvəskar tennisçilər klubunuzun yaradılması fikri necə yarandı? Sizi bu layihəyə başlamağa sövq edən motivasiya nə oldu?
- Açığı, klubun  yaradılması tələbatla bağlı oldu. Klubun yaradıldığı 2007-ci ildə ölkədə çoxlu tennis həvəskarı olsa da, onlar oyun üçün rəqib tapmaqda çətinlik çəkirdilər. Belə olan halda onları bir araya toplayacaq bir icmanın olması zərurəti yarandı və mən də gecikmədən bu addımı atdım. Tədricən bu işi sevdim və bu işin elə mənə aid olduğunu anladım. O gündən bu günədək tennisdəyəm və elə də qalacağam. Motivasiyamın isə elə işimə olan sevgi olduğunu əminliklə deyə bilərəm. Bu müddət ərzində bir sıra maneələrlə qarşılaşsam da, bizə, idmanımıza dəstək olan dostlarımı
zın sayəsində bütün çətinlikləri arxada qoyduq.
 

- Klubunuzun məqsədi və missiyası nədir?
- Klubun bir çox məqsədi var. Ən başlıcası sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir. Bu istiqamətdə xeyli işlər görülüb və durmadan da görülməkdədir. Prosesin banisi isə ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevdir. Məhz onun idmana olan diqqəti və qayğısı sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə müxtəlif idman növləri üzrə keçirilən mötəbər yarışlar dediklərimə əyani sübutdur. 

- Klubun iş fəaliyyəti nədən ibarətdir?
- Klubun beş yüzə yaxın üzvü var, ancaq onların səviyyəsi fərqlidir. Biz onları gücünə görə sıralıyaraq rəqib tapmaq problemini həll edirik. Çünki, güclü oyunçu özündən zəif oyunçu ilə oynamaq istəmir. Zəif oyunçu da güclü oyunçu ilə oynayanda oyunçu yox, ancaq top daşıyan qismində çıxış etmiş olur. Bizim klubda belə problem yoxdur. Həvəskar tennisçilərin öz ustalıq səviyyələrini artıraraq daha güclü tennisçilərlə qüvvələrini sınamaq imkanları da var. Sevindirici hal isə üzvlər arasında möhkəm dostluq əlaqələrinin, birliyin olmasıdır. Gördüyümüz işlə ölkədə tennisin inkişafına, təbliğinə, kütləviləşməsinə töhfə veririk.

- Ölkənin yeganə tennis liqasını təşkil etmək çətindirmi?
- Biz hər zaman bundan qürur duyduğumuzu dilə gətiririk. Ümumən liqa təşkil etmək və onu daimi hala gətirmək əlbəttə çətin bir prosesdir. Belə ki, hər ay liqaya 100 iştirakçı cəlb edirik. Təşkilati işlərlə bağlı hər ay 10-a yaxın tərəfdaşla danışıqlar aparırıq. Bütün bunları həyata keçirmək çox böyük məsuliyyət və ciddilik tələb edir. Məhz işimizə peşəkar yanaşma nəticəsində liqamız samballı mükafat fondu təqdim etməklə bu yarışın təşkilini daimi hala gətirmişdir. 

- Zaur müəllim, bir az da ITF Master Tour çərçivəsində komanda olaraq iştirak etdiyiniz yarışlar haqqında danışaq... 2024-cü ilin əvvəlində və bəlkə də bu ilin ən əlamətdar xəbəri də BƏƏ-nin Dubay şəhərində keçirilən MT200 turnirində komanda olaraq iştirakımız oldu..
- Yarışda müxtəlif yaş keteqoriyalarında 8 kişi və 2 qadın olmaqla, ümumilikdə, 10 nəfərlə təmsil olunduq. Sevindirici məqam isə təmsilçilərimizin 2 kateqoriya üzrə ölkə bayrağını ən yüksək zirvəyə qaldırmaları oldu. Belə ki, 50+ yaş kateqoriyasında Marina Abramenko bütün rəqiblərini məğlub edərək çempion oldu. 40+ yaşda cütlüklərin yarışında isə Marina Abramenko-Fərəh Şəmsiyeva cütlüyü bütün rəqiblərini məğlub edərək çempion oldular. Bu, ölkəmizin reytinq səviyyəsindəki ən böyük uğuru idi.

- Azərbaycanda tennisin populyarlaşması üçün nə kimi səyləriniz var?
-
Bizim bütün səylərimiz bu istiqamətdədir. İdmanda belə bir qayda var ki, ölkədə hər hansı bir idman növü populyar olmasa bu növdə uğurlu idmançıların sayı bir o qədər az olacaq. İdmanın populyarlaşması isə valideynlərin yönləndirilməsində mühüm rol oynayır. 

- Klubunuzun gələcək hədəfləri nədən ibarətdir? Hansı sahələrdə böyüməyi planlaşdırırsınız?
- Klubumuzun hədəfləri dəyişməzdir. Bizim məqsədimiz hər il daha da inkişaf etmək və əvvəlki ildən daha böyük uğurlara imza atmaqdır. Addım-addım Azərbaycan tennisinin inkişafına dəstək olmaqdır.

- Azərbaycanda tennisin gələcəyi ilə bağlı son fikirləri nizi bölüşə bilərsinizmi?
-
Biz qalib xalqın nümayəndələri olaraq istənilən sahədə uğurlar qazanmağa qadir olduğumuzu dəfələrlə sübut etmişik. Düşünürəm ki, bütün sahələrdə olduğu kimi tennisdə də inkişaf olacaq və gücümüzü tennisdə də sübut edəcəyik. Lakin onu da vurğulamalıyam ki, bunun üçün düzgün idarəçilik düşüncəsi, dərin köklü bir təməl və məsuliyyətli iş tələb olunur. Belə olan halda gələcəyə ümidli olmaq olar.

Vidadi Baxşiyev

0