
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor” səfərdə “Beşiktaş”ı 4:2 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib.
Arda Turan mərhələnin hələ başa çatmadığını vurğulayıb: “Burada oynamaq asan deyil. Oyuna balanslı və topa nəzarət edərək başladıq. Oyun planımızı yaxşı tətbiq etdiyimiz üçün sevincliyəm. Lakin çox asan qollar buraxdıq. Bu səviyyədə daha diqqətli oynamalıyıq. Futbolçularım gəncdir… Mən də 19 yaşımda ‘Bordo’ya qarşı qırmızı vərəqə alaraq oyunu məhv etmişdim. Onların səhv etmək haqqını əllərindən almayacağam. Əgər daha yüksək səviyyəyə çatmaq istəyiriksə, bu cür sadə qollar buraxmamalıyıq. Tur hələ bitməyib, ‘Beşiktaş’ böyük komandadır. Cavab görüşündə daha yaxşı mübarizə aparmalıyıq".
Təcrübəli çalışdırıcı Fatih Terimdən öyrəndiyi prinsipə də toxunub: “Fatih Terimdən öyrəndiyim bir şey var: "Gördüyünü etməkdən qorxma". Mən də gördüyümü etməkdən çəkinmirəm. Ən yaxşı müdafiə topa sahib olmaqdır. Əgər yalnız müdafiə olunursansa, oyunu qazanmaq çətin olar".
Sonda Arda Turan “Beşiktaş” klubuna göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edib: “Beşiktaş əks-hücumdan çoxlu qol vuran komandadır. Cavab oyununa sanki 0:0 hesabı ilə başlayacağımızı futbolçularıma çatdırdım. Serdal Adalıya və ‘Beşiktaş’ camiəsinə göstərdikləri möhtəşəm qonaqpərvərlik üçün təşəkkür edirəm. Onlarla qarşılaşmadığımız müddətcə onlara ürəkdən uğurlar arzulayıram".