Mövsümün ilk kuboku: “Ayntraxt”, yoxsa “Reyncers”?
18.05.2022 - 09:28
Mövsümün ilk kuboku: “Ayntraxt”, yoxsa “Reyncers”?

Bu gün avrokubokların 2021/22 mövsümünün ilk qalibi müəyyənləşəcək.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasının final matçı İspaniyanın Sevilya şəhərində baş tutacaq.

Qitənin ikinci dərəcəli klub turnirinin həlledici matçında “Ayntraxt”la “Reyncers” üz-üzə gələcək. Hər iki komanda öz qənimət kolleksiyasını zənginləşdirməyə çalışacaq.

Almaniya klubu artıq bir dəfə bu kuboku başı üzərinə qaldırıb. Frankfurt təmsilçisi yarış UEFA kuboku adlandığı vaxt buna nail olub. Finala gedən yolda “Barselona”nı 1/4 finalda mübarizədən kənarlaşdıran Bundesliqa təmsilçisi mövsümü mükafatla başa vurmağa köklənib.

Tarixində 5-ci dəfə finala yüksələn Qlazqo təmsilçisinin də muzeyində bir avrokubok var. Şotlandiyalılar 1972-ci ildə Kuboklar kubokunu başı üzərinə qaldırıb. “Reyncers”in son uğursuzluğu isə 14 il əvvələ təsadüf edib. “Zenit”ə uduzan qlazqolular UEFA kubokunu qazanmaq şansını qaçırıb.

Qeyd edək ki, Sevilyadakı final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Avropa Liqası
Final
18 may
23:00. “Ayntraxt” (Almaniya) – “Reyncers” (Şotlandiya)
Baş hakim:
Slavko Vinçiç (Sloveniya)
Sevilya. Ramon Sançes Pisxuan stadionu
 

0