Şahin Diniyev: "Bugünkü vəziyyət hər birimizi pərişan edir"
19.11.2024 - 19:52
Şahin Diniyev: "Bugünkü vəziyyət hər birimizi pərişan edir"

"Millinin hazırkı vəziyyəti heç ürəkaçan deyil. Düzdür, yaxşı oyun sərgiləyirlər. Lakin futbolda prioritet olan nəticədir və o da hazırda yoxdur".

Bu sözləri apasport.az saytına açıqlamasında Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan millisinin İsveçlə matçdakı şanslarını dəyərləndirib: "Düşünürəm ki, bu günkü vəziyyət hər birimizi pərişan edir. Bu, çox acınacaqlı bir haldır. D Liqasına düşmək heç yaxşı deyil. Futbolumuzun nə yerdə olduğunu, hara getdiyini artıq hərkəs görür. Aşağı yaş qruplarından əsas milliyə kimi olan problemlər gündən-günə böyüyür. Bu səbəbdən çox çətin bir vəziyyətdəyik. Amma bununla həyat bitmir. Bu gün İsveçlə qarşılaşacağıq. Rəqibin heyətində itkilər var. Amma hər adamı milliyə çağırmırlar. Komandamızı çətin oyun gözləyir. Qələbə şansımızı az olaraq dəyərləndirirəm. Lakin bu, futboldur. Hər şey ola bilər. Bizdə də problemlər çoxdur. Tək bir məsələ ilə bağlı deyil ki, gedib onun həll yolunu aydınlaşdıraq. Sistemli şəkildə böyük dəyişikliyə ehtiyac var. Bu dəyişikliklərin olub-olmayacağını zaman göstərəcək. Hərşeyə rəğmən millimizə bu görüşdə uğurlar arzu edirəm. Axşam xoş xəbərlər eşitmək istəyirəm".

Diniyev çıxış yolunu yeni proqramın hazırlanmasında gördüyünü deyib: "Futbol elə bir aləmdi ki, hər şey bir-biri ilə zəncirvari bağlanıb, sistem şəklində yaradılmalıdır. Belə deyək, proqram qurulmalıdır, sistem yazılmalıdır, futbolun inkişafı üçün layihələr yaradılmalıdır. Bu kimi şeylər təkcə meydançada deyil. Bunun marketinqi, texniki bazası, uşaq futbolu da var. Bunlar bir-biri ilə bağlıdır. Yəni bu məsələ ilə bağlı tək-tək yox, ümumi proqram hazırlanmalıdır".

Qeyd edək ki, Millətlər Liqasının VI turunun İsveç - Azərbaycan matçı saat 23:45-də start götürəcək.

İsmayıl Xeyrullayev

0