Azərbaycan milli komandasının müdafiəçisi apasport.az saytına açıqlama verib.
Yığma komandamızın aparıcı üzvü Millətlər Liqasının Estoniya və İsveçlə görüşü haqda fikirlərini bildirib:
“Doğrudur, qrupda xalımız və qələbəmiz olmasa da, bu Millətlər Liqasında heç də pis təsir bağışlamamışıq. Bütün oyunlarda yaxşı oynadıq. Elə olub ki, rəqibdən üstün oynamışıq. Sadəcə sonda xal qazana bilməmişik. Məncə, artıq qələbənin vaxtı gəlib. Əlimizdən gələni edəcəyik ki, Qəbələdə Estoniyaya qalib gələk. Ondan sonra ikinci oyuna hazırlaşacağıq. İsveçdən də sərfəli nəticə ilə vətənə qayıtmaq istəyəcəyik. Necə alınacağını birlikdə görəcəyik. Biz özümüz ən yaxşısını etməyə çalışacağıq”.
Bayramov hazırkı millimizin perspektivli komanda olduğunu deyib: “Bir neçə ildir ki, millinin üzvüyəm. Bundan qabaq da potensialımız olub, indi də potensialımız var. Qarşıdakı illərdə də potensialımız olacaq. Sadəcə milli elədir ki, orada daha çox bir yerdə olmaq lazımdır. Klubda ilboyu birlikdəsən. Milliyə yeni baş məşqçi gəlib, yeni oyun fəlsəfəsi, taktikası var. Bunlara öyrəşmək zaman alan şeylərdir. Komanda olaraq bunun öhdəsindən gələ bilərik, bu gücə malikik”.