Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. İclasda 2024-cü ilin nəticələri və növbəti ilin fəaliyyət planı müzakirə olunub.
Apasport.az xəbər verir ki, ABF-in vitse-prezidenti Vüsal Nəsirli 2024-cü ili Azərbaycan boksu üçün uğurlu adlandırıb. O, Olimpiya ilində beynəlxalq yarışlarda 160 medalın əldə olunmasını, Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medalın qazanılmasını yüksək qiymətləndirib.
Nəsirli yeni ildən və 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadadan gözləntilərin daha böyük olduğunu vurğulayıb. O bildirib ki, hədəf dəyişməzdir və ilk qızıl medalı növbəti Olimpiadada qazanmaq üçün bütün lazımı addımlar atılacaq.
Federasiya rəsmisi tezliklə maddi-texniki bazanın daha da gücləndiriləcəyini, regionlarda yeni mərkəzlərin, rayon və şəhərlərdə yeni boks zallarının açılacağını, müəyyən təkmilləşdirmə işlərinin aparılacağını qeyd edib.
O, ardınca kişilərdən ibarət millinin baş məşqçisi Ravşan Xocayevi komandaya təqdim edib və təcrübəli mütəxəssisin qarşısına qoyulan hədəfləri açıqlayıb.
Özbəkistanlı baş məşqçi də öz növbəsində Azərbaycan boksunun inkişafı üçün var gücü ilə çalışacağını, bilik və təcrübəsini bu işə sərf edəcəyini bildirib.
Daha sonra milli komandaların həkimi Zaur Abdullayev boksçuların sağlamlıq durumu haqqında və görülmüş işlər barədə hesabat verib.
İclasda məşqçi, hakim və boksçuların sualları cavablandırılıb, müzakirələr aparılıb.