
Çexiyanın Ostrava şəhərində boks üzrə keçirilən U-19 Avropa çempionatında 1/4 final görüşlərinə start verilib.
Apasport.az xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin 3 idmançısı rinqə çıxıb və hər biri yarımfinala yüksəlib.
Banuçiçək Nəsirli (48 kq) Natalya Nevyadomska (Polşa) ilə qarşılaşıb. Boksçumuz rəqibini 4:1 (29:26, 29:26, 29:26, 27:28, 28:27) hesabı ilə məğlub edib. O, yarımfinalda Alelya Sula (İtaliya) ilə döyüşəcək.
Bilalhəbaşi Nəzərov (50 kq) Maksim Şlyakovidən (Ukrayna) güclü olub. Təmsilçimiz 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib. Avropa çempionumuz finala gedən yolda Lonut Razvan Panainteni (Rumıniya) sınağa çəkəcək.
Sübhan Babayev (60 kq) isə Simonas Puniskisi (Litva) mübarizədən kənarlaşdırıb – 5:0 (28:27, 28*:28, 28*:28, 28*:28, 28*:28). O, növbəti görüşündə Luka Çxikvadze (Gürcüstan) ilə münasibətinə aydınlıq gətirəcək.
Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı da təmin ediblər. Bu mərhələnin döyüşləri oktyabrın 7-də olacaq.
Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.