Kişi və qadın boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb. Ardınca Dövlət Himni səsləndirilib.
Mərasimdə Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov bildirib ki, ölkə boksunda son illər böyük nailiyyətlər əldə olunub: “Ötən ilin dekabrında yeni tarix yazıldı. Azərbaycanın 19 yaşlı boksçusu Sübhan Mamedov dünya çempionu tituluna yiyələndi. O, bununla Azərbaycanda deyil, dünyada ən gənc dünya çempionu tituluna sahib oldu. Sevindirici haldır ki, bu il Azərbaycan çempionatında da gənclərdən böyüklər yaş kateqoriyasına bir çox güclü idmançıların keçdiyini görürük. Bu səbəbdən də yarışda böyük rəqabət olacaq. Çempionatın əhəmiyyəti isə ondan ibarətdir ki, artıq “Los-Anceles-2028” Yay Olimpiya Oyunları üçün də seçimlərə başlayırıq. Milli komandanın heyəti formalaşmalıdır. Əminəm ki, birgə səyimiz nəticəsində Los-Anceles-2028-də xalqımızı qızıl medallarla sevindirəcəyik”.
Çempionatın supervayzeri Sid Ali Mokretari (Əlcəzair) Azərbaycan Boks Federasiyasına dəvət üçün təşəkkür edib. O, yarışın yüksək səviyyədə və ədalətli keçməsi üçün inamla çalışacaqlarını deyib.
Mərasimdən sonra yarış açıq elan olunub.
Qeyd edək ki, Boks Mərkəzində keçirilən çempionatda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 33 komandanın 166 boksçusu mübarizə aparır. Döyüşləri yerli hakimlərlə yanaşı, xarici referilər də idarə edir.
Çempionatda qaliblərin adına yanvarın 28-də aydınlıq gələcək.
- Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
- İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
- Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar