“7 yaşından yetişdirdiyim Süleymanı Olimpiadada görmək istəyirəm” – Fərid Ağakişiyevlə MÜSAHİBƏ
24.11.2026 - 10:00
“7 yaşından yetişdirdiyim Süleymanı Olimpiadada görmək istəyirəm” –  Fərid Ağakişiyevlə MÜSAHİBƏ

Azərbaycanın gənclərdən ibarət cüdo millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatını üç medalla başa vurub. Yığmamızın üzvləri bir gümüş və iki bürünc medal qazanıblar.

Yarışa qatılan idmançılar arasında ikiqat Avropa çempionu Süleyman Şükürov da olub. Lakin 90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu gözləntiləri doğrulda bilməyib. O, ilk görüşündə özbəkistanlı İnomjon Baxodirova məğlub olaraq dünya çempionatı ilə erkən vidalaşıb.

Süleyman Şükürovun yeddi yaşından şəxsi məşqçisi olan, Azərbaycanın Əməkdar məşqçisi Fərid Ağakişiyev Apasport.az saytına müsahibəsində yetirməsinin məğlubiyyətinin səbəblərindən, çəki dərəcəsini dəyişməsindən, gələcək hədəflərindən və 2028-ci il Los-Anceles Olimpiadasına hazırlıq planlarından danışıb.

– Fərid müəllim, Azərbaycan millisi Daşkənddə keçirilən dünya çempionatından üç medalla qayıtdı. Komandanın ümumi çıxışını necə qiymətləndirirsiniz?

– Komandamızın çıxışını yaxşı qiymətləndirirəm. Gənclər arasında dünya çempionatında üç medal qazanmaq müsbət nəticədir. Bu uğurda məşqçilər heyətinin, idmançıların və hazırlıq prosesində iştirak edən hər kəsin əməyi var. Xüsusilə yığma komandanın baş məşqçisi Rüstəm müəllimin işini qeyd etmək istəyirəm. Dünya çempionatına hazırlıq planı düzgün tərtib olunmuşdu, məşq prosesi yüksək səviyyədə təşkil edilmişdi. İdmançılar yarışa ciddi hazırlaşmışdılar. Əlbəttə, hər zaman daha yüksək nəticələr əldə etmək istəyirik. Ancaq qazanılan medallar da aparılan işin nəticəsidir.

– Yeddi yaşından şəxsi məşqçisi olduğunuz Süleyman Şükürov sentyabrda Avropa çempionatının finalını cəmi 24 saniyəyə qazanmışdı. İki ay sonra isə dünya çempionatında ilk görüşündə məğlub oldu. Bu qədər qısa müddətdə nə dəyişdi? Ondan gözləntiləriniz nə idi?

– Bəli, Süleyman yeddi yaşından mənim rəhbərliyim altında məşq edir. 2022-ci ildən etibarən beynəlxalq arenada, dünya və Avropa birinciliklərində iştirak etməyə başlayıb. Bu müddət ərzində müxtəlif yarışlarda medallar qazanıb, özünü fərqli texniki və taktiki keyfiyyətləri ilə göstərib.

Onun ilk böyük uğurları 73 kq çəki dərəcəsində başlayıb. Daha sonra 81 kq-da gənclər arasında Avropa çempionu olub. Hazırda çıxış etdiyi 90 kq çəki dərəcəsində də eyni uğuru təkrarlamağı bacarıb. Buna görə də dünya çempionatına böyük ümidlərlə yollanmışdıq.

Ancaq idmanda hər yarışın, hər görüşün öz çətinliyi var. Xüsusilə ilk qarşılaşmanın həyəcanını, məsuliyyətini və psixoloji gərginliyini dəf etmək heç də asan deyil. Düşünürəm ki, Süleyman bu dəfə həmin gərginliyin öhdəsindən tam gələ bilmədi.

Bununla yanaşı, müəyyən mənada bəxtinin də gətirmədiyini düşünürəm. Görüş zamanı rəqibi yuko xalı ilə öndə idi. Qarşılaşmanın son dəqiqəsində Süleyman texniki fənd tətbiq edərək yuko xalı qazandı. Lakin görüşün başa çatmasına təxminən 30 saniyə qalmış hakimlər həmin xalı ləğv etdilər.

Bu qərar Süleymanın psixoloji vəziyyətinə və motivasiyasına mənfi təsir göstərdi. O, bundan sonra özündə dönüş yarada bilmədi və nəticəni dəyişmək mümkün olmadı.

Əslində, oxşar vəziyyətlə Avropa çempionatında da qarşılaşmışdı. Ancaq həmin yarışda çətin vəziyyətdən çıxmağı, özünü toparlamağı və möhtəşəm qələbə qazanmağı bacarmışdı. Təəssüf ki, Daşkənddə bunu təkrarlaya bilmədi.

– Rəqibi meydan sahibi Özbəkistanın təmsilçisi İnomjon Baxodirov idi. Sizcə, tribunalardakı atmosfer və psixoloji təzyiq nəticəyə təsir göstərdimi?

– Təbii ki, müəyyən təsiri oldu. Bu, təkcə cüdoda deyil, demək olar ki, bütün idman növlərində müşahidə edilir. Meydan sahibi ölkənin idmançısı öz azarkeşlərinin qarşısında çıxış edəndə əlavə dəstək hiss edir. Digər tərəfdən, həmin atmosfer rəqib idmançı üçün müəyyən psixoloji təzyiq yarada bilir.

Əlbəttə, peşəkar idmançı belə vəziyyətlərə hazır olmalıdır. Ancaq hər kəsin psixoloji dözümlülüyü eyni deyil. Düşünürəm ki, tribunalardakı atmosfer Süleymanın çıxışına da müəyyən dərəcədə təsir göstərdi. Bununla belə, məğlubiyyəti yalnız bu amillə əlaqələndirmək düzgün olmaz. Digər səbəbləri də təhlil etməliyik.

– Məğlubiyyətdən sonra Süleymanla danışmısınız? O, nəticəni necə qarşıladı?

– Bəli, əlbəttə, danışmışıq. Ümumiyyətlə, Süleyman xaraktercə bir qədər özünəqapalı, eyni zamanda çılğın idmançıdır. Belə xarakterə malik idmançılar bəzən yaşadıqları hissləri və qarşılaşdıqları çətinlikləri dərhal ifadə etmirlər.

Biz hər yarışdan sonra nəticəni təhlil edirik. Bunun qələbə və ya məğlubiyyət olmasının fərqi yoxdur. Ancaq məğlubiyyətdən sonra təhlilə daha çox diqqət ayırırıq. Çünki buraxılan səhvləri müəyyənləşdirmək və gələcəkdə təkrarlamamaq vacibdir.

Süleymanla da görüş zamanı qarşılaşdığı texniki çətinlikləri, taktiki qərarlarını, psixoloji vəziyyətini və həmin anlarda nə düşündüyünü müzakirə edirik. Məqsədimiz onu məğlubiyyətə görə günahlandırmaq deyil, baş verənlərdən düzgün nəticə çıxarmaqdır. İdmançı belə məqamlardan dərs götürməyi bacarmalıdır.

– Süleymanın 81 kq-dan 90 kq-a keçməsi uğurlu alınmışdı. Bəs yeni çəki dərəcəsində sabit çıxış etmək üçün hələ hansı çatışmazlıqları aradan qaldırmaq lazımdır?

– Açığı, çəki dərəcəsini dəyişərkən ciddi maneə ilə qarşılaşmadıq. Süleyman müxtəlif çəki dərəcələrində uğur qazanmış idmançıdır. Qeyd etdiyim kimi, ilk böyük qələbələri 73 kq-da başlayıb. Daha sonra 81 kq-da gənclər arasında Avropa çempionu və dünya birinciliyinin bürünc mükafatçısı olub.

90 kq çəki dərəcəsinə keçdikdən sonra da nəticələri pis olmayıb. Bu çəkidə iştirak etdiyi dörd yarışın üçündə medal qazanıb. Yəni çəki dəyişikliyinin onun çıxışına ciddi mənfi təsir göstərdiyini düşünmürəm.

Daşkənddəki məğlubiyyəti də yeni çəki dərəcəsində uğursuzluğun başlanğıcı kimi qiymətləndirmək düzgün olmaz. Bu, ayrıca təhlil edilməli olan bir nəticədir.

Artıq gələn ildən Süleyman böyüklər arasında yarışlarda iştirak edəcək. Bu isə tamamilə fərqli məsuliyyət və rəqabət deməkdir. Qarşıda bizi daha ciddi hazırlıq prosesi gözləyir.

Süleymanın böyüklər arasında dünya və Avropa çempionatlarında Azərbaycanı layiqincə təmsil edə biləcəyinə inanıram. Bunun üçün çıxışlarını daha geniş təhlil etməli, həm texniki-taktiki, həm də psixoloji hazırlığını təkmilləşdirməliyik. Əsas məqsədimiz onun 90 kq çəki dərəcəsində böyüklərdən ibarət millinin əsas heyətində möhkəmlənməsidir.

– Bu qədər uğurlu idmançılar yetişdirmək böyük nailiyyətdir. Ancaq yüksək nəticələrdən sonra həm idmançıya, həm də məşqçiyə qarşı gözləntilər artır. Siz məşqçi kimi bu təzyiqi necə idarə edirsiniz?

– Artıq 20 ildir məşqçilik fəaliyyəti ilə məşğulam. Bu müddət ərzində həm cüdoçularla, həm də paracüdoçularla çalışmış, beynəlxalq yarışlarda yüksək nəticələr qazanan idmançılar yetişdirmişəm.

Məşqçilik karyeram ərzində yetirmələrim beş dəfə Avropa çempionu olublar. Dünya birinciliklərində və çempionatlarında, eləcə də müxtəlif beynəlxalq turnirlərdə medallar qazanıblar.

Ən böyük uğurlarımdan biri yetirməm Şəhanə Hacıyevanın 2021-ci ildə keçirilən Tokio-2020 Yay Paralimpiya Oyunlarında 48 kq çəki dərəcəsində qızıl medal qazanmasıdır. Onun bu nailiyyəti məşqçilik karyeramda xüsusi yer tutur.

Şəhanə 2018-ci ildə Portuqaliyada keçirilən dünya çempionatında gümüş, 2022-ci ildə Bakıda təşkil olunan dünya çempionatında isə bürünc medal qazanıb. 2023-cü ildə Niderlandın Rotterdam şəhərində Avropa çempionu olub, həmin il İngiltərənin Birminhem şəhərində keçirilən Dünya Oyunlarında da bürünc medala sahib çıxıb. Bundan başqa, müxtəlif beynəlxalq Qran-pri turnirlərində mükafatçılar sırasında yer alıb.

Digər yetirmələrim də yeniyetmələr arasında Avropa birinciliklərində və kubok yarışlarında uğurlu nəticələr göstəriblər. Bütün bu nailiyyətlərin arxasında uzun illərin zəhməti və ciddi hazırlıq dayanır.

Əldə etdiyim uğurlara görə Prezident İlham Əliyev tərəfindən “Əməkdar məşqçi” fəxri adına və “Tərəqqi” medalına layiq görülmüşəm. Bu, mənim üçün böyük qürur və məsuliyyətdir.

Ancaq qazandığımız nəticələrlə kifayətlənmək niyyətində deyiləm. Artıq Paralimpiya çempionu yetişdirmişəm. Qarşıma qoyduğum ən böyük hədəflərdən biri dünya və Olimpiya çempionu yetişdirməkdir.

– 2028-ci ildə keçiriləcək Los-Anceles Olimpiadası Süleyman Şükürov üçün real hədəfdirmi?

– Bəli, əsas hədəflərimizdən biri məhz Los-Anceles Olimpiadasıdır. Qarşımızda duran məsuliyyəti yaxşı dərk edirik. Artıq vaxtımız çox deyil və buna görə hazırlıq prosesinə daha ciddi yanaşmalıyıq.

İlk növbədə, Süleymanın Olimpiya Oyunlarında iştirak hüququ qazanmasını təmin etməliyik. Bunun üçün qarşıdakı beynəlxalq turnirlərdə uğurlu çıxış etməli, lazımi reytinq xallarını toplamalıyıq.

Əlbəttə, Olimpiadaya vəsiqə qazanmaqla iş bitmir. Məqsədimiz yalnız Los-Ancelesə yollanmaq deyil, orada da yaxşı nəticə göstərməkdir. Bunun üçün potensial rəqibləri ətraflı təhlil etməli, onların güclü və zəif tərəflərini öyrənməli, Süleymanı həm fiziki, həm texniki-taktiki, həm də psixoloji baxımdan hazırlamalıyıq.

İnanıram ki, düzgün hazırlıq və əzmkarlıq sayəsində hədəfimizə çata bilərik.

Sonda fürsətdən istifadə edərək bizə inanan hər kəsə, xalqımıza, Süleymanın təmsil etdiyi “Neftçi” İdman Klubuna, Azərbaycan Cüdo Federasiyasına, məşqçilər heyətinə, texniki personala və həkimlərimizə dərin təşəkkürümü bildirmək istəyirəm. Qazanılan uğurlarda onların hər birinin əməyi var.