Cüdoçularımız Avropa kubokunda daha 3 medal qazanıb
06.04.2025 - 22:54
Cüdoçularımız Avropa kubokunda daha 3 medal qazanıb

Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa kuboku başa çatıb.

Apasport.az xəbər verir ki, ikinci yarış günündə milli komandamız hesabına 1 qızıl və 2 gümüş medal yazdırıb.

+100 kq çəki dərəcəsinə tatamiyə çıxan Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb.

Süleyman Şükürov (-81 kq) və Tuncay Şamil (-90 kq) gümüş medala sahib çıxıblar.

Yarışın ilk günündə gənc cüdoçularımızdan Fərid Qarayev (-60 kq) ilə Məhəmməd Musayev (-66 kq) qızıl, Nihad Məmişov (-66 kq) və Əbil Yusubov (-73 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, ümumilikdə 7 medal qazanan gənclərdən ibarət Azərbaycan cüdo yığması Avropa kubokunu oğlanların mübarizəsində 23 ölkə arasında birinci, ümumi sıralamada ikinci pillədə tamamlayıb.