Cəfərov Madeyrada mövsümün son yarışını uğurla başa vurdu - FOTO
22.12.2025 - 20:56
Cəfərov Madeyrada mövsümün son yarışını uğurla başa vurdu - FOTO

Portuqaliyada kartinq üzrə cari ilin son yarışı keçirilib.

Apasport.az xəbər verir ki, hər il olduğu kimi, bu dəfə də mövsümə Kristiano Ronaldonun doğulduğu Madeyra şəhərində yekun vurulub.

Yarışda iştirak edən ən gənc pilot – 16 yaşlı azərbaycanlı Davin Cəfərov ilk dəfə DD2 MAX kateqoriyasında çıxış etmək üçün dəvət alıb. O, turnirdə BirelArt komandasını təmsil edən yeganə pilot olub.

Üç gün davam edən yarışlar əlverişsiz hava şəraitində baş tutub. Uzunluğu 1040 metr olan Madeyra trekində Davin Cəfərov finişə üçüncü çatsa da, yarışın ən sürətli dövrəsini nümayiş etdirərək diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, bu trekdə pilotlar saat əqrəbinin əksi istiqamətində hərəkət etdikləri üçün yarış yüksək çətinliyi ilə seçilir.

Davin Cəfərov Madeyra trekində yarışan ilk əcnəbi pilot kimi də tarixə düşüb.

Bununla da gənc idmançı cari kartinq mövsümünə yekun vurub.

Kartinq üzrə növbəti mövsümün 2026-cı ilin fevralında başlaması nəzərdə tutulur. Davin Cəfərovun gələn il dünya və Avropa çempionatları, eləcə də bir sıra beynəlxalq turnirlərdə iştirakı planlaşdırılır. Gənc pilot yeni mövsümə hazırlıqlarını Portuqaliya və İspaniyada davam etdirəcək.