Fərman Həsənov: HƏR KƏSLƏ DÖYÜŞƏ BİLƏRƏM
24.06.2026 - 12:08
Fərman Həsənov: HƏR KƏSLƏ DÖYÜŞƏ BİLƏRƏM

“Azərbaycanda UFC tədbirinin keçirilməsi hamımız üçün böyük hadisədir”.

“Apasport”un əməkdaşının məlumatına görə, bu sözləri azərbaycanlı UFC döyüşçüsü Fərman Həsənov deyib.

O, Bakıda keçiriləcək döyüş gecəsi ilə bağlı fikirlərini bölüşüb: “Burada döyüşmək mənə əlavə motivasiya verir. Səbrsizliklə şənbə gününü gözləyirəm. Özümü yaxşı hiss edirəm. Üzərimdə təzyiq yoxdur. Çəkiölçmə mərasiminə az qalıb. Ümid edirəm ki, yaxşı olacaq”.

Həsənov rəqibi Erik Nolanı tanıdığını bildirib: “Rəqib yaxşı və təcrübəli döyüşçüdür. Komanda olaraq onu təhlil etmişik. Döyüşə hazırıq. Rəqibi hədələməyə ehtiyac yoxdur. O, məni, mən də rəqibi tanıyıram. Hər şey şənbə günü bəlli olacaq".

Fərman gələcək planlarından da danışıb: “İlk hədəf UFC-yə düşmək idi. Növbəti hədəf isə çempion olmaqdır. İnanıram ki, buna da çatacağıq. Son döyüşlərdə gördük ki, hər kəs məğlub ola bilər. Döyüşmək istədiyim xüsusi biri yoxdur. Amma rəqib fərq etmir, hər kəslə mübarizə apara bilərəm”.

Qeyd edək ki, UFC Bakı tədbiri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.