
Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında 1 gümüş və 1 bürünc medal qazanan qadın güləşi üzrə millimiz vətənə qayıdıb.
Apasport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.
Gümüş medal qazanan Ruzanna Məmmədova bildirib ki, yarış çox güclü keçib:
"Asiya ölkələri də dünya çempionatında iştirak edir deyə daha çətin keçir. Güclü rəqiblərə qalib gələrək finala yüksəldim. Finalda ilk hissə də hər şey yaxşı idi. 6:0 öndə idim. Sonra ikinci hissə də çox yoruldum. Dözümlülüyüm çatmadı deyə 6:6 geri düşdüm və son xal prinsipinə əsasən məğlub oldum. Düzdü, nəticə məni qane eləmir. Ora qızıl üçün getmişdim. Amma buna da şükür. İnşallah, gələn il qızılla qayıdacam. Əsas hədəf olimpiadadır. Ümid edirəm ki, ora lisenziya qazanıb, ölkəmi layiqincə təmsil edərəm. Sadəcə bu yarışlar məni ora aparan yoldur. Ümid edirəm ki, U23 Dünya çempionatında da istədiyim kimi çıxış edərəm”.
Dünya üçüncüsü Günay Qurbanova isə vurğulayıb ki, hədəfi dünya çempionluğu olub:
"Yarımfinalda arxayınlıq oldu. Özümü finalda görürdüm. Amma belə alındı. Ruhdan düşmürəm. Bu mənə dərs oldu ki, heç bir güləşçiylə görüşdə arxayınlaşmayım. Gələn ay böyüklər arasında dünya çempionatında güləşəcəyəm. Həyəcanlanmıram. Böyük motivasiya ilə bu yarışa hazırlaşacağam”.