Xorvatiyanın paytaxtı Zaqrebdə reytinq turniri davam edir.
Apasport.az xəbər verir ki, bu gün daha qadınlar və yunan-Roma güləşçilər arasında görüşlər keçirilib.
57 kq çəkidə qadınların yarışında cəmi 2 iştirakçı olduğu üçün Jalə Əliyeva finalda amerikalı Cakarra Vinçesterlə güləşib. Mübarizə rəqib idmançının 7:4 hesablı qələbəsi ilə yekunlaşıb və Jalə gümüş medala layiq görülüb.
72 kq çəkidə Zəhra Kərimzadə dairəvi sistem üzrə baş tutan mübarizədə bütün görüşlərdə uduzub. Güləşçimiz fransalı Paulin Lekarpenyeyə (0:3), xorvatiyalı Veronika Vilkə (2:6), amerikalı Skilar Grota (0:10) və macarıstanlı Noemi Naqiyə (1:10) məğlub olu.
Yunan-Roma güləşində 77 kq çəkidə Sənan Süleymanov serbiyalı Aleksa İliçə sonuncu xal prinsipinə əsasən (1:1), macarıstanlı Robert Frişəisə 7:1 hesabı ilə qalib gəlib. O, 1/4 finalda rusiyalı Sergey Stepanova (AİN) məğlub olub - 0:4.
Yığmamızın digər üzvü Xasay Həsənlini 1/8 finalda Stepanova 6:7 hesabı ilə uduzub. Sergey finala yüksəldiyi üçün güləşçilərimiz təsəlliverici görüşə vəsiqə qazanıb. Xasay ilk təsəlliverici görüşdə finlandiyalı Conni Sarkkinenə tam üstünlüklə (14:5) qalib gəlib. Ancaq daha təcrübəli Süleymanov Həsənlini vaxtından əvvəl məğlub edib - 8:0. Sənan bürünc medal uğrunda rusiyalı Sergey Kutuzova uduzub.
Bu çəkidə yer alan gənc güləşçimiz Davud Məmmədov isə debütdə moldovalı Aleksandru Soloveyə məğlub olub (0:3).
87 kq çəkidə İslam Abbasov özbəkistanlı Jalqasbay Berdimuratovu 4:3 hesabı ilə, macarıstanlı İştvan Takaçı isə sonuncu xal prinsipinə əsasən (3:3) mübarizədən kənarlaşdırıb. 1/4 finalda danimarkalı Turpal Ali Bisultanova 0:4 hesabı ilə məğlub olan Abbasov qazaxıstanlı İslam Yevloyev təsəlliverici görüşdə iştirak etmədiyi birbaşa bürünc medal uğrunda güləşmək hüququ əldə edib. Güləşçimiz rusiyalı Milad Alirzayevə (AİN) qalib gələrək, bürüncə sahib olub.
Bu çəkidə çıxış edən Rafiq Hüseynov ilk mərhələdə serbiyalı Aleksandr Komarova 3:5 hesabı ilə uduzub.
Qeyd edək ki, yığmamız “Zaqreb Open”də 11 medal qazanıb. Bundan əvvəl sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) qızıl, İslam Bazarqanov (57 kq), Arseni Cioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) gümüş, Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Abubakr Abakarov (92 kq) isə bürünc medala sahib çıxıblar. Qadın yığmamızın heyətində Günay Qurbanova (59 kq) qızıl, Alyona Kolesniklə (59 kq) Jalə Əliyeva (57 kq) isə gümüş qazanıblar. Yunan-Roma güləşçilərimizdən İslam Abbasov (87 kq) bürünclə kifayətlənib.