
Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında 74 kq çəki dərəcəsində sərbəst güləşçilərin mükafatlandırma mərasimində qeyri-adi hadisə baş verib.
Apasport.az xəbər verir ki, final görüşündə Albaniyanı təmsil edən Çermen Valiyev Rusiyalı güləşçi Zaurbek Sidakovu 4:2 hesabı ilə məğlub edərək çempion olub. Amma güləşçilərin mükafatlandırma mərasimi bir az qəribə alınıb.
Belə ki, idmançıları mükafatlandırmaq üçün kürsüyə yaxınlaşan Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili güləşçi Çermen Valiyevi Avropa çempionatındakı çempionluğu münasibətilə kobud şəkildə təbrik edərək, medalı sözün əsl mənasında onun boynuna "asıb".
Bir neçə ay əvvəl idman vətəndaşlığını dəyişərək Albaniya millisini təmsil etməyə başlayan Çermen Valiyev bu münasibət qarşısında əsəbiləşib və prezidentə narazılığını bildirib.
İddialara görə, Mamiaşvili daha əvvəl Rusiyanı təmsil edən güləşçiyə mükafatı təqdim edərkən onun qızıl medala layiq olmadığını deyib, ardıyca kobud şəkildə medalı boynundan asıb və kinayəli gülüşlə əlindəki gül dəstəsini idmançıya verib.
Daha sonra bu barədə açıqlama verən federasiya prezidenti Çermeni təhqir edən heç nə demədiyini, sadəcə onu qələbə münasibətilə təbrik etdiyini qeyd edib.
Həmin anın görüntülərini təqdim edirik: