Azərbaycan ağırlıqqaldıranları Turan Mirzəyev və Əfqan Bayramov Pekin Olimpiadasında mükafatsız qalıblar
12.08.2008 - 17:08
Azərbaycan ağırlıqqaldıranları Turan Mirzəyev və Əfqan Bayramov Pekin Olimpiadasında mükafatsız qalıblar
Pekin. Elşən Məmmədov – APA-Sport. Çinin paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın daha iki ağırlıqqaldıranı körpücük üzərinə çıxıb. «APA-Sport» agentliyinin məlumatına görə, 69 kq çəkidə yarışan Turan Mirzəyev və Əfqan Bayramov ən güclü idmançıların yer aldığı A qrupunda mübarizə aparıblar. Birdən qaldırmada T. Mirzəyev 146 kq, Ə. Bayramov isə 145 kq ağırlığın öhdəsindən gəliblər. Təkanla qaldırmada isə hər iki idmançımız 187 kq sifariş versə də, bu ağırlığın öhdəsindən gələ bilməyib. Əvəzində onlar ilk cəhddə müvafiq olaraq qaldırdıqları 181 kq və 175 kq ağırlıqla kifayətlənməli olublar. Nəticədə iki hərəkətin cəmində T. Mirzəyev 327 kq nəticə ilə 5-ci, Ə. Bayramov isə 320 kq göstərici ilə 7-ci yeri tutub. Qızıl medala isə çinli Huy Liao layiq görülüb. O, iki hərəkətin cəmində 348 kq (158 kq + 190 kq) nəticə göstərib. 338 kq ağırlıq qaldıran fransalı Vensela Tebaya Tientşeu ikinci, eyni nəticəyə malik ermənistanlı Tiqran Martirosyan isə bürünc medal qazanıb.
Qeyd edək ki, ağır atletlərimizdən ilk olaraq, qüvvəsini sınayan Sərdar Həsənov (62 kq) da medal qazana bilməyib. Qalan iki ağırlıqqaldıranımıza gəldikdə, İntiqam Zairov (85 kq) avqustun 15-də, ikiqat dünya çempionu Nizami Paşayev (94 kq) isə avqustun 16-da sonra mübarizəyə qoşulacaqlar.
0