Bu gün Pekin Olimpiadasında mübarizə aparan Azərbaycanın hər iki güləşçisi medalsız qalıb
14.08.2008 - 12:21
Bu gün Pekin Olimpiadasında mübarizə aparan Azərbaycanın hər iki güləşçisi medalsız qalıb
Bakı. Kənan Həsənov - APA-Sport. Bu gün XXIX Pekin Yay Olimpiya Oyunlarında Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının daha iki üzvü mübarizəyə qoşulub. “APA-Sport” agentliyinin məlumatına görə, 84 kq çəki dərəcəsində yarışan Şalva Qadabadze ilk görüşdə tunisli Haykel Aşuriyə qalib gələrək 1/4 finala yüksəlsə də, bu mərhələdə uduzub. Gürcüstanlı legionerimiz Zoltan Fodorla (Macarıstan) bacara bilməyib. Amma rəqib finala yüksəldiyi üçün Ş.Qadabadze bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq hüququna yiyələnib. Buna baxmayaraq, pəhləvanımız bu mərhələdəki rəqibi Sanyi Maya (Çin) uduzub. 120 kq çəki dərəcəsində xalça üzərinə çıxan Anton Botev isə olimpiada ilə erkən vidalaşıb. Rusiyalı legionerimiz ilk görüşdə Jalmar Syoberqə (İsveç) uduzub. Rəqib finala yüksələ bilmədiyindən A.Botev bürünc medal qazanmaq şansını da itirib.
Qeyd edək ki, Elçin Cəfərovun rəhbərlik etdiyi yığmamızın iki üzvü - Rövşən Bayramovla (55 kq) Vitali Rəhimov (60 kq) olimpiadanın gümüş medalını qazanıblar. Afina Olimpiadasının qalibi Fərid Mansurov (66 kq) və İlqar Abdulov (74 kq) isə uğursuzluğa düçar olublar.
0