Ağayar Axundzadə: “Olimpiadadakı məğlubiyyət Elxan Məmmədova çox böyük dərs olacaq”
15.08.2008 - 13:11
Ağayar Axundzadə: “Olimpiadadakı məğlubiyyət Elxan Məmmədova çox böyük dərs olacaq”
“APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ağayar Axundzadə Gənclər və İdman Nazirliyinin İnternet saytına müsahibəsində deyib. Çalışdırıcı bildirib ki, XXIX Yay Olimpiya Oyunlarına qatılan 6 cüdoçumuzdan xüsusilə Elxan Məmmədov zəif çıxış edib: “Olimpiada hər bir idmançıdan özünəinam, güc və qələbə uğrunda sonadək mübarizə tələb olunur. Ancaq Elxan Məmmədov zəif təsir bağışladığından təsəlliverici mərhələdə uduzdu. Demək olar ki, o mübarizə aparmadı. Fikrimcə, olimpiadadakı məğlubiyyət Məmmədova çox böyük dərs olacaq”. Olimpiya çempionu Elnur Məmmədlinin mübarizliyini vurğulayan baş məşqçi Kifayət Qasımovanın püşkdə bəxtinin gətirmədiyini söyləyib. A.Axundzadə Pekində bürünc medala layiq görülmüş Mövlud Mirəliyevin də çıxışını dəyərləndirib: “Mövlud 4 il öncə keçirilən olimpiadada 5-ci yeri tutmuşdu. O, bu dəfə də şansı əldən versəydi, çox məyus ola bilərdi. Onun yarımfinaldakı monqolustanlı rəqibi həddən artıq güclü idi. Hətta bu görüşdən sonra Mövludun gücünü bərpa edə bilməyəcəyindən qorxdum. Amma Mirəliyev yorulmasına baxmayaraq, bürünc medala yiyələndi”.
Qeyd edək ki, Pekində bütün rəqiblərini üstələyən Elnur Məmmədli (73 kq) müstəqillik dövründə olimpiadada medal qazanan ilk cüdoçumuz olub. Onun ardınca Mövlud Mirəliyev (100 kq) 3-cü yeri tutub. Ramil Qasımov (66 kq), Mehman Əzizov (81 kq), Elxan Məmmədov (90 kq) və Kifayət Qasımova (57 kq) isə uğursuzluqla üzləşiblər.
0