Pekində 7 qızıl medal qazanan ABŞ üzgüçüsü olimpiya rekordunu təkrarlayıb
16.08.2008 - 10:54
Pekində 7 qızıl medal qazanan ABŞ üzgüçüsü olimpiya rekordunu təkrarlayıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. ABŞ üzgüçüsü Maykl Felps bu gün Pekin Olimpiadasında 7-ci qızıl medala sahib çıxıb. “APA-Sport” agentliyinin məlumatına görə, 23 yaşlı idmançı batterflay üsulu ilə 100 metr məsafəyə üzmədə birinci yeri tutub. Bir olimpiadada 7-ci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan M.Felps əfsanəvi həmyerlisi Mark Spitsin rekordunu təkrarlayıb. M.Spits 1972-ci ildə Almaniyanın Münhen şəhərində keçirilmiş yay olimpiya oyunlarında 7 qızıl medal qazanıb. Bununla yanaşı, M.Felpsin yeni rekord müəyyənləşdirmək üçün yaxşı şansı var. O, sabah kompleks üsulu ilə estafet yarışında da qalib gələ bilər. Ümumiyyətlə, M.Felps Afina və Pekin Olimpiadalarında qazandığı qızıl medalların sayını 13-ə çatdırıb. Gənc idmançı üçün hələlik yalnız Larisa Latıninaya məxsus rekord əlçatmazdır. SSRİ gimnastı L.Latınina iştirak etdiyi 3 olimpiadada (1956, 1960, 1964-cü illər) 18 medal əldə edib. Hesabında 13 qızıl və 2 bürünc medal olan M.Felps sabah 16-cı mükafatını qazansa belə, bu rekordu qırmaq üçün ən azı 4 il gözləməli olacaq.
0