Azərbaycanın qadınlardan ibarət güləş yığması Pekin Olimpiadasında 10-cu yeri tutub
18.08.2008 - 10:39
Pekin. Elşən Məmmədov – APA-Sport. Çinin paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında qadın güləşçilərin mübarizəsinə yekun vurulub. «APA-Sport» agentliyinin məlumatına görə, 4 mümkün çəkidən 3-də təmsil olunan Azərbaycan yığması yarışı bir bürünc medalla başa vurub. Yeganə medalı gənclər və böyüklər arasında Avropa çempionu Mariya Stadnik (48 kq) qazanıb. Ukrayna əsilli pəhləvanımız həmyerlisi İrina Merleni ilə birgə 3-cü yeri tutub. Digər güləşçilərimizə gəldikdə, Yelena Komarova (55 kq) 1/8 finalda keçirdiyi ilk görüşdə Natalya Qoltsa (Rusiya) uduzub. N. Qolts finaladək irəliləyə bilmədiyindən, Y. Komarova mübarizəni dayandırmalı olub. Turnirin ikinci günündə Olesya Zamula (63 kq) da uğursuz çıxış edib. O, ilk qarşılaşmasında Kaori İçoya (Yaponiya) uduzub. Bununla belə, K. İço finala çıxdığından O. Zamulanın bürünc medal qazanma şansı yaranıb. Lakin ukraynalı legionerimiz ilk təsəlliverici görüşündəcə Randi Millerə (ABŞ) uduzaraq, çıxışlarını medalsız başa vurub. Həm Y. Komarova, həm də O. Zamula öz çəkilərində 16 idmançı arasında 15-ci olublar. Ümumi komanda hesabında isə Azərbaycan 8 xalla 30 ölkə arasında 10-cu olub.
0
0