Azərbaycanın sərbəst güləşçiləri Pekin Olimpiadasında sabah mübarizəyə başlayacaqlar
18.08.2008 - 13:18
Pekin. Elşən Məmmədov - APA-Sport. Çinin paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında sabah sərbəst güləşçilərin mübarizəsinə start veriləcək. «APA-Sport» agentliyinin məlumatına görə, üç gün davam edəcək yarışda pəhləvanlar 7 çəki dərəcəsində mükafatlara layiq yerlər uğrunda mübarizə aparacaqlar. Əvvəlcə idmançılar 55 və 60 kq çəki dərəcələrində qüvvələrini sınayacaqlar. Artıq həmin çəkilərdə yer alan Azərbaycan pəhləvanlarının rəqibləri müəyyənləşib. Bu gün atılan püşkə əsasən, Namiq Sevdimov (55 kq) mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. Onun rəqibi nüfuzlu yarışlarda heç bir ciddi uğur qazanmamış Kyonq İl Yanq (KXDR) olacaq. 1/16 finaldan güləşməyə başlayacaq Zəlimxan Hüseynovun (60 kq) bəxtinə isə çətin rəqib düşüb. Rusiyalı legionerimiz həmyerlisi, Olimpiya, dünya və Avropa çempionu Mavlet Batırovla qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan Pekin Olimpiadasında sərbəst güləş növü üzrə bütün çəkilərdə təmsil olunur. Digər güləşçilərimizin rəqibləri sonrakı günlərdə məlum olacaq.
Qeyd edək ki, Azərbaycan Pekin Olimpiadasında sərbəst güləş növü üzrə bütün çəkilərdə təmsil olunur. Digər güləşçilərimizin rəqibləri sonrakı günlərdə məlum olacaq.
0
0