Ayxan Abbasov: “Mənim üçün rəqibin kim olması fərq etmir”
29.09.2024 - 18:53
Ayxan Abbasov: “Mənim üçün rəqibin kim olması fərq etmir”

Misli Premyer Liqasının VIII turunun "Şamaxı" - "Turan Tovuz" matçından (2:2) sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.

"Maraqlı və gərgin oyun oldu. Matçın belə gərgin keçəcəyini bilirdik. İlk 15 dəqiqədə fərdi səhvdən qol buraxandan sonra komandada həyəcan oldu. Daha sonra üstünlük bizə keçdi. Qarşımıza qoyulan məqsədə çatmaq üçün çox çalışmalıyıq. Son dəqiqələrdə qol buraxmaq futbolçulara pis təsir edir. Amma 1 xal da xaldır. Növbəti oyuna hazırlaşacağıq".

- İki fərqli hissə izlədik. İlk yarıda komandanızın oyunu niyə alınmırdı?
- Rəqibin əvvəlcədən dediyimiz, məşqlərdə hazırlaşdığımız hücumundan qol buraxdıq. Bundan sonra futbolçular tələsirdi. Sanki oyunun sonuna az qalmışdı. Buna görə də oyunumuz alınmırdı. Biz təzə komandayıq. Bu halları yaşayacağıq. Fasilədə danışdıqlarımız işə yaradı.

- Mövsümün əvvəlində hədəfiniz Premyer Liqada qalmaq idi. İndi hədəf dəyişib?
- Xeyr, eyni hədəfdir.

- Sabiq klublarınızdan olan "Zirə" və "Sumqayıt"ı məğlub etmisiz. Bu gün də az qala "Turan Tovuz"a az qala qalib gəlirdiz. Bu oyunlar sizin üçün xüsusi prinsipiallıq daşıyır?
- "Kəpəz"i də məğlub etmişik. Biz meydançada rəqibik. Mənim üçün rəqibin kim olması fərq etmir, qazanmaq istəyirəm. 

- Oyundan sonra "Turan Tovuz" rəhbərliyi ilə görüşdüz?
- Bəli görüşdük, bir-bizimizə uğurlar arzuladıq. Heç bir problem yoxdur.

- Hakimliklə bağlı fikriniz necədir?
- Hakim VAR-a baxıb penalti verdi. Dediyinə görə əllə oyun var idi. Tural Qurbanov ən perspektivli gənc hakimkərdəndir. Amma hakimlər oyunu təhlil etsinlər. Çox dayanmalar, sarı vərəqələr oldu. İtaliya, İspaniya çempionatına baxsınlar. Biz robot deyilik. Deyirlər yeni sədrin ən böyük tələbi baş məşqçilərin xətti keçməməsidir. Məncə bu məsələyə bu qədər də ciddi yanaşmaq doğru deyil. Ümumi götürəndə bu gün Tural Qurbanov oyunu pis idarə etdi.

0