
Misli Premyer Liqasının I turu çərçivəsində “Turan Tovuz” səfərdə "İmişli"ni 1:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, ev sahiblərini baş məşqçisi Xorxe Kaskilya oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
– Yaxşı oynadıq. Müdafiədə yaxşı oyun getdi. Son dəqiqələrdə qol buraxmaq ağırdır. Məyusedici haldır. Bu, futboldur. İlk hissədə orta xəttdə oyun gedirdi. Komandalar bir-birini kəşf edirdi. İkinci hissədə taktiki baxımdan daha yaxşı oynadıq, şanslarımız oldu. Son dəqiqələrdə qapıçımız və müdafiəçimizin zədələnməsi oyuna təsir göstərdi. Əlavə vaxtda sıxıntılar yaşadıq və qol buraxdıq.
– Əsas oyunçularınız zədələndi. Görünən odur ki, qapıçı Sinenkonun durumu daha ağırdır. Yerinə transfer düşünürsünüzmü?
– Gözləyəcəyik, son durumu biləndən sonra nə edəcəyimizə qərar verəcəyik. Ümid edirik ki, tez qayıdarlar. Transfer haqda düşünmürük.
– “Turan Tovuz” ötən mövsüm adətən qələbə qollarını son dəqiqələrdə vururdu. Bu məqamdan xəbəriniz var idi?
– Əlbəttə, oyunları təhlil etmişdik. Rəqibin aqressiv oynadığını, uzun ötürmələrə üstünlük verdiyini bilirdik.
– Premyer Liqada debüt etdiniz. İlkin təəssüratlarınız nədir?
– Bura gəlməzdən əvvəl baxmışdım. Azərbaycanda 4-5 səviyyəli komanda var və çempionat yaxşı səviyyədədir. Klublarda legionerlər var, yaxşı rəqabət gedir. Səviyyə yaxşıdır. İlkin təəssüratlar xoşdur.
– Premyer Liqadan baş çıxara biləcəyinizə inanırsınız?
– Burda nəticə əldə etməyi, peşəkarlığımı göstərmək istəyirəm. Komandam ilk oyunda taktiki baxımdan yaxşı idi. “İmişli” ilə nəticə qazanmaq olar.
– Kluba təyinat alanda müəyyən tənqidlər oldu ki, aşağı liqada çalışmısız. Bunlardan xəbəriniz var idi?
– Belə şərhlərlə maraqlanmıram. Əsas diqqətim komandamın yaxşı olmasındadır. Bunun üzərində çalışırıq. Bu gün çempionluğa oynamaq istəyən komandaya qarşı normal oynadıq, ikinci hissədə daha yaxşı futbol göstərdik. Bu o deməkdir ki, məşqçinin taktikası işləyir.
– Komanda İmişlini təmsil etsə də, Bakıda hazırlaşır, Şamaxıda oynayır. Bu, necə təsir edir və məşqçi karyeranızda bu hallarla rastlaşmısınız?
– Problemlərə baxmayaraq, əsas məqsəd komanda üzərində işləməkdir. Belə amillər böyük təsirlər göstərmir. Düzdür, doğma bölgəmizdə oynamaq istərdik, amma bu işlərlə rəhbərlik məşğul olur. İşimiz komanda ilədir. Karyeramda ilk dəfədir belə hal olur. Azarkeşlərimizə də təşəkkür edirəm, uzun yoldan gəliblər. Bizi tək qoymadılar. Onlara minnətdarıq. Söz veririk ki, “Neftçi” ilə oyuna daha hazır olacağıq.