İsaak Amoah: "Müsbət nəticələrin gələcəyinə inanıram"
04.09.2025 - 11:36
İsaak Amoah: "Müsbət nəticələrin gələcəyinə inanıram"

“Qəbələ”nin müdafiəçisi İsaak Amoah Apasport.az saytına müsahibə verib.

- “Qəbələ” son turda “Araz-Naxçıvan”la görüşdə uduzdu. Sizcə niyə məğlub oldunuz? Bu matçda xal qazana bilərdiniz?
- Düzünü desəm, bizim üçün çətin oyun oldu. Həmin gün ən yaxşı səviyyəmizi göstərə bilmədik. “Araz-Naxçıvan” isə qol şanslarından yaxşı yararlandı. Buna baxmayaraq, düşünürəm ki, matçdan öyrənəcəyimiz və götürəcəyimiz məqamlar oldu.

- Bu oyuna nəyə görə start heyətində başlamadın? Meydana sonradan çıxdın...
- Bu, baş məşqçi və korpusun qərarıdır. Mənim işim ona hörmət etmək və şans verildiyi zaman töhfə verməyə hazır olmaqdır, istər start heyətində başladım, istərsə də sonra meydana çıxdım. Daha çox dəqiqə qazanmaq üçün hər gün çox çalışıram və həmişə komanda üçün əlimdən gələni etməyə hazıram.
 
- “Qəbələ" bu mövsüm 3 oyun keçirsə də, qələbə qazana bilməyib. Üç turdan sonra cəmi 1 xalınız var. Nəticə ürəkaçan deyil, sizi qane edir?
- Təbii ki, üç oyundan bir xal qazanmaq istədiyimiz nəticə deyil və bununla kifayətlənmirik. Amma hələ mövsümün başlanğıcıdır. Bizdə hər şeyi dəyişdirmək keyfiyyətimiz var. Müsbət nəticələrin gələcəyinə inanıram.

- “Qəbələ”də özünü necə hiss edirsən? Komandanın daimi start heyətində oynamaq şanslarını necə dəyərləndirirsən?
- Burada özümü çox xoşbəxt hiss edirəm. Oyunçular və heyət məni isti qarşıladı, bu da özümü rahat hiss etməyimə kömək etdi. Başlanğıc heyətdə oynamaq isə məşqçinin qərarı və komandanın ehtiyaclarından asılıdır. Mənim üçün əsas məqsəd çox çalışmaq, daim hazır olmaq və meydanda şans qazandığım anlarda əlimdən gələni etməkdir.

- Ümumiyyətlə, “Qəbələ”yə və Azərbaycana gəlişin necə alındı? “Qəbələ”də əsas məqsədin nədir?
- “Qəbələ”yə və Azərbaycana gəlişim problemsiz keçdi, burada özümü çox rahat hiss edirəm. Əsas məqsədim komandanın uğurlarına maksimum dərəcədə töhfə vermək, eyni zamanda özümü bir oyunçu kimi inkişaf etdirməkdir.

- Azərbaycan futbolu haqqında məlumatın var idi? 
- Bəli, mən “Qarabağ”ı tanıyırdım, çünki onlar tez-tez avrokuboklarda iştirak edirlər. Həmçinin burada oynayan dostlarımdan liqa və çempionatın rəqabətli olması barədə məlumatlar almışdım. İndi isə hər şeyi özüm görür və təcrübə edirəm.

- Milli komandaların oyunları ilə əlaqədar çempionata fasilə verildi. Fasilədən sonra “Turan Tovuz”la qarşılaşacaqsınız. Bu oyun haqqında nə düşünürsən? Fasilə sizə kömək edəcək?
- Fasilə bizim üçün bərpa olunmaq və növbəti oyuna daha yaxşı hazırlaşmaq baxımından vacibdir. “Turan Tovuz” güclü komandadır, amma biz oyuna ən yaxşı şəkildə yanaşaraq müsbət nəticə əldə etməyə çalışacağıq.