“Kəpəz”in forvardı: “Qarabağ”ı da məğlub edə bilərik" - Müsahibə
08.10.2024 - 15:14
“Kəpəz”in forvardı: “Qarabağ”ı da məğlub edə bilərik" - Müsahibə

“Kəpəz”in forvardı Paçu Lira apasport.az saytına müsahibə verib.

- “Kəpəz” "Neftçi"yə 4:3 hesabı ilə qalib gəlib. Matç sizin üçün necə alındı? Hər şey istədiyiniz kimi keçdi?
- Biz əla oyun oynadıq. İki dəfə hesabda geri düşdük. Amma buna baxmayaraq, komanda kimi xarakter göstərdik. Məncə, komanda olaraq əla oynadıq və vacib 3 xal qazandıq. Liqada heç qələbəmiz yox idi. Bu qələbə bizim üçün olduqca vacib idi. Şadam ki, istədiyimiz nəticəni əldə etdik.

- Matçdan öncə "Neftçi"yə qalib gələcəyinizi gözləyirdin? Çünki "Neftçi" də yaxşı durumda deyil və "Kəpəz"lə matça potensial 3 xal gözü ilə baxırdılar...
- Əlbəttə, biz oyundan əvvəl də qalib gələcəyimizə ümid edirdik. Çünki biz komanda olaraq yaxşıyıq, futbolçular da bir-birimizlə danışırıq. Bilirdik ki, meydanda yaxşı reaksiya verməliyik. İstənilən vəziyyətdən çıxmalıyıq. Bunun “Neftçi” ilə hansısa əlaqəsi yox idi. Bu sadəcə bizim hazırkı durumdan çıxmaq istəyimizlə bağlı idi. Şadıq ki, düşdüyümüz vəziyyətdən çıxmağı bacardıq.

- "Kəpəz" bu qələbədən sonra "qara zolaq"dan çıxdı? Səncə, uğurlu nəticələrin davamı gələcək?
- Dediyim kimi, bu vacib qələbə idi. Amma biz işləməyə davam edirik. Dayanmaq olmaz. Bu bizim əsas yolumuzdur.

- "Kəpəz"ə tam olaraq uyğunlaşmısan? Hansısa problemin var?
- Mən artıq “Kəpəz”ə adaptasiya olmuşam. Hələ ki, ən yaxşı formamı tapmağa çalışıram. Çünki 7 tur keçdikdən sonra bura gəlmişəm. Mövsümün davamında “Kəpəz”ə qoşuldum. Amma özümü xoşbəxt hiss edirəm. Çünki daimi işləyirəm. Bu da hazırkı durumdan çıxmağıma kömək olacaq.

- Çoxları düşünür ki, "Kəpəz" Premyer Liqanı tərk edəcək. Səncə, "Kəpəz" Premyer Liqada yerini qoruyub-saxlaya biləcək?
- Mən bu cür düşünmürəm. Bizim hazırkı situasiyadan çıxacaq güclü komandamız var. Bunu da sübut edəcəyik. Yaxşı komanda olduğumuzu göstərəcəyik. Ötən turda çox yaxşı oyun alındı. Hər şey yaxşı olacaq.

- Qarşıdakı turda isə daha bir güclü komanda olan “Qarabağ”la qarşılaşacaqsınız. Səncə, bu oyunda komanda istədiyi nəticəni qazana biləcək?
- Bu çox vacib görüşdür. “Qarabağ”ın nəyə qadir olduğunu, hansı gücə malik olduğunu yaxşı bilirik. “Qarabağ” əla komandadır. Amma biz meydanda həm fərdi, həm də komanda kimi tam gücümüzü qoymalıyıq. İnanıram ki, hər şey bizim üçün çox yaxşı alınacaq. “Qarabağ”ı da məğlub edə bilərik. Bunun üçün də sona qədər mübarizə aparacağıq. Özümüzə çox inanırıq. Bizə xallar lazımdır, başqa çıxış yolumuz da yoxdur.

0