Qurban Qurbanov: “İstəmirdim oyun bitsin”
12.09.2025 - 22:38
Qurban Qurbanov: “İstəmirdim oyun bitsin”

Misli Premyer Liqasının IV turunun "Qarabağ" - "Zirə" matçından (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Yaxşı oyun oldu, yaxşı mübarizə getdi. Bəlkə də istəmirdim oyun bitsin, 15-20 dəqiqə temp davam etsin. Əfsuslar olsun ki, futbol 90 dəqiqədir. Texniki səhvlər var idi. Qarşıda da yaxşı hazırlaşmış rəqib var idi. Məğlub da ola bilərdik, qalib gələ də. Bir xal qazandıq. Rəşad Sadıqova uğurlar arzulayıram, yaxşı oyuna görə onu təbrik edirəm. Öz oyunumuzdan tam razı qalmadım. Amma futbolçuların əzmkarlığından razı qaldım".

- Kamilo Duranın hücumdakı oyununu necə dəyərləndirirsiz? "Benfika"ya qarşı da o oynayacaq?
- Gedişata baxacağıq. Ümumən pis oynamadı. Hücumçuya xas, rəqib üçün təhlükəli hərəkətlər idi. Bəlkə hələ o mövqeyə uyğunlaşmayıb. Oyuna qədər vaxtımız var. Rəqibi tam analiz etdikdən sonra qərar verəcəyik.

- Nəriman Axundzadənin durumu necədir?
- Pis getmir. Amma hələ yaxın bir neçə gündə gözlənti yoxdur ki, komanda ilə məşqlərə çıxsın. ÇL-də 2-ci oyunumuza qədər məşq edəcək. Sonra kollektivə qoşulacaq.

- "Qarabağ" Ramil Şeydayevlə anlaşıb?
- Hazırda belə reallıq yoxdur. Bir neçə futbolçumuz zədəlidir. Oyunçu sayında problemlər ola bilər olsun. Qarşıda sıx qrafiklər olsa, çempionatda çətinlik yaşaya bilərik. Dünən eşitdim bu xəbəri ki, "Neftçi"dən ayrılıb. Düzdür, düşünməyə vaxtım olmuşdu. Hələ ki belə reallıq yoxdur. Amma dəyərləndirəcəm. 

- "Qarabağ" üçün uğurlu seçim olar?
- O, bizdə oynamış futbolçudur. Hazırlığı hansı səviyyədədir, bilmirəm. Yəqin ki, dəyərləndirəcəyik.

- Bu həftə AFFA İK-nin iclası olub. Həmin iclasda olmusuz?
- Bu həftə olub? Məncə, olmayıb. 

- Baş katib demişdi ki, İK-nin qərarına əsasən...
- Onlayn ola bilər.

- Yığmanın növbəti məşqçisi yerli olmalıdır, yoxsa xarici olsa faydalıdır?
- Mən də şablon cavab verim? (gülür) Elə məsələdir ki, bəzi kriteriyalar var ki, ona düzgün əməl etməliyik. Çünki bu kollektiv içərisində olan qərardır. Tanıdığım yerli məşqçilər var ki, öz üzərlərində çox çalışırlar. İşgüzarlığa böyük önəm vermişəm. 4-5 məşqçimiz var ki, gecə-gündüz düşünürlər, bacarıqlarını yaxşılaşdırmaq istəyirlər. Belə olan halda, nəticə də olur, intizam da, gözəl kollektiv də. Xaricdən gələn məşqçiləri təəssüf ki, tanımıram. Tanınmış olsalar da. Amma öz məşqçilərimizə böyük dəyər vermişəm. Onları yaxından tanıyaraq belə düşünmüşəm. Bizim təkcə millidə yox, klubda da yerlilərə güvənməkdən çəkinmək lazım deyil. Onlara güvənib, arxasında dayanıb, yer açmaq lazımdır. 

- Uzun fasilədən sonra Emin Mahmudov millidəki rekordunuzu yenilədi...
- Onu təbrik etmişəm. İdmanda belə şey yoxdu ki, kimsə daimi qalır. Bu hallara həmişə dəyər vermişəm. Emin işgüzardır, intizamlıdır. Bəzi futbolçulara, idmançılara nümunəvi futbolçudur. Ona görə onu təbrik etmişəm, yenə də edirəm. Rəqəmlər bir o qədər önəmli deyil. Sadəcə gələcək iş bu gün mənə görə, digər futbolçular həvəslənirdilər ki, Qurbandan öndə olaq, indi çalışacaqlar ki, Emindən öndə olaq. Digər oyunçulara motivasiya olar ki, Emini arxada qoymaq olar.

- "Benfika"nı gözücü analiz etmisiz?
- Bəli, baxmışam. Onları necə tanıyırqsa, elədir. Çox dinamik futbol oynayır. Hazırda Portuqaliyada ən dinamik oynayan komandadır. Oyunçular bir-biri ilə yaxşı balanslaşdırılıb. Yenə də geniş analiz edəcəyik. Çalışacağıq ki, onlara qarşı yaxşı oynayaq.