“CEV prezidenti dedi ki, son 10 ildə belə bir hal olmamışdı” - MÜSAHİBƏ
18.10.2011 - 14:30
“CEV prezidenti dedi ki, son 10 ildə belə bir hal olmamışdı” - MÜSAHİBƏ
“Rabitə” voleybol klubu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında qızıl medallara yiyələnməklə, Azərbaycan tarixində yeni səhifə açdı. Təbii ki, bu uğurda komanda rəhbərliyinin də böyük payı var. Komandanın prezidenti Cəlil Cəfərov apasport.az saytına müsahibəsində bu uğura gedən yol, qazanılan qələbə və gələcək planları barədə maraqlı fikirlər səsləndirib.

“Andre Meyer mənə söylədi ki, artıq tarix yazdınız”

- Öncə sizi qələbə münasibəti ilə təbrik edirik. Dohada qazanılan möhtəşəm çempionluqla bağlı təəssüratlarınız necədir?
- Dünya çempionatında qazandığımız uğuru ilk növbədə ulu öndərimiz Heydər Əliyevin idmana olan qayğısı, göstərilən diqqət və onun davamçısı, Cənab prezidentimiz İlham Əliyevin idmana, xüsusən də voleybola böyük məhəbbətinin sayəsində qazandığımızı bildirməliyəm. Eyni zamanda, maliyyə baxımından hansı köməklik olmasa, inamlı çıxış çətindir. Düzdür, komandanın büdcəsinin çox olması mühüm amil deyil. Çünki maliyyə baxımından bizdən 3-4 dəfə güclü klublar da var. Halbuki, onların elə bir irəliləyişi yoxdur. Məsələn, götürək Türkiyənin “Fənərbaxça” klubunu. Onların büdcəsi bizdən 4, bəlkə də 5 dəfə çoxdur. Amma buna baxmayaraq, Çempionlar Liqasında “Fənərbaxça” üçüncü oldu, “Rabitə” isə gümüş mükafata layiq görüldü. Hətta bizim ikinci olmağımızı da bir çoxları fərəhlə qeyd edirdilər. Bu, Azərbaycan üçün yeni bir tarix idi. Çünki indiyə kimi klublar arasında belə nəticə olmamışdı. Çempionlar Liqasının finalında “Vakıfbank Günəş TTelekom”a 0:3 hesablı məğlubiyyətimizi klub prezidenti kimi qəbul edə bilmirdim. Burada zəif nöqtələrimizi də görürdük. İlk dəfə qatıldığımıza baxmayaraq, Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer mənə söylədi ki, artıq Avropada tarix yazdınız. O bildirdi ki, son 10 ildə belə bir hal olmamışdı ki, Çempionlar Liqasında debüt edən klub həmin il də finala çıxsın. Bunu “Rabitə” etdi. Təbii ki, belə bir uğurdan sonra komandadakı durumu araşdırdıq və heyətdə dəyişikliklər etdik. Əsasən də top qəbulunda olan boşluğu doldurmaq üçün xorvatiyalı Nataşa Osmokroviçi transfer etdik. Bu da özünü göstərdi. Eyni zamanda, yeni təcrübəli baş məşqçinin də cəlb olunması, dünya çempionatındakı zəfər yolumuzun yardımçısı oldu.

“Deyirdi ki, dünyada belə hallara nadir hallarda rast gəlinir”

- Deməli, Qətərə yollanarkən hədəfiniz artıq məlum idi...
- Sözün düzü, yarışdan öncə məndə məlumat var idi ki, Tailandın “Çanq” və Braziliyanın “Sollis Nestle” komandası daha güclüdür. Yəni, dünya çempionatından əvvəl məhz belə hesab edilirdi ki, növbəti mərhələyə məhz bu komandalar çıxmalıdır. Ancaq birinci oyunda “Çanq”ın “Sollis Nestle”i uduzması hardasa sensasiya kimi qəbul edildi. Düzdür, bilirik ki, Braziliyada voleybol daha yüksək səviyyədədir. Tailand isə milli komandalarının əsasını təşkil etdiyindən onlar güclü hesab olunurdular. Onlarla oyunumuz da rəqibin zəif olmadığını göstərdi. Bu komanda bizə 1:3 hesabı ilə uduzdu. Amma hesabı 2:2 etməyə imkanları da var idi. Bu qələbədən sonra Beynəlxalq Voleybol Federasiyasının vitse-prezidenti ilə görüşümüz oldu. “Rabitə”yə çox böyük hörmətlə yanaşan bu insan fərəh hissi ilə danışırdı. Deyirdi ki, dünyada belə hallara nadir hallarda rast gəlinir. Çünki hər hansı uğur qazanan komandaya baxsaq, böyük tarixi var. Yalnız kiçik bir ölkə - Azərbaycan təmsilçisi “Rabitə” çox gənc klub olmasına baxmayaraq, sürətli inkişafı ilə diqqət çəkir. Həmin günü də biz braziliyalılara qalib gəldik və bu inkişafı bir daha sübut etdik. Eyni zamanda, ardınca “Mirador” və “Vakıfbank Günəş TTelekom”a da öz gücümüzü göstərdik.

“Sonradan bildim ki, “Vakıfbank Günəş TTelekom” ziyafət üçün 200 nəfərlik yer sifariş edib”

- Həlledici oyunda belə asan qələbə qazanılacağını heç kim proqnozlaşdırmırdı. Bu azmış kimi, bizdə olan məlumata görə, həmin gün Türkiyədən xüsusi azarkeş qrupu da Dohaya gəlmişdi...
- Bəli, final günü qardaş ölkədən xüsusi təyyarə ilə azarkeş qrupu Dohaya gəlmişdi. Hətta Türkiyə Voleybol Federasiyasının prezidenti və Qətərdə olan səfirləri də bu matça təşrif buyurmuşdular. Bizim də səfir orada bizə çox böyük dəstək oldu və qarşılaşmanı onlarla birgə izləyirdi. Hətta sonradan bildim ki, “Vakıfbank Günəş TTelekom” ziyafət üçün 200 nəfərlik yer də sifariş edib. Onlar “Rabitə”ni bu dəfə də 3:0 hesabı ilə məğlub edəcəklərini fikirləşirdilər. Amma bizim qurduğumuz taktika, ortaya yeni bir oyun qoymağımız onları tam çaşdırmışdı. Türklərin heyətində heç kəs, hətta ulduz olan polşalı Malqorzata Qlinka belə oyun göstərə bilmədi. Ən əsası isə qisasımızı artıqlaması ilə aldıq. “Vakıfbank Günəş TTelekom”u 25:9 hesabı ilə məğlub etmək, tarixə yazılası bir şeydir. “Rabitə”nin uğuru ilə idman tariximizdə yeni səhifə açıldı. Bu bütün “rabitəçilərin”, idmançıların və ən əsası Azərbaycan xalqının qələbəsi oldu. Biz yarışa yollanmazdan öncə Dohaya böyük bayraq da aparmışdıq. Bunu Türkiyədə hazırlatmışdıq. Bu bayrağın da komandamıza böyük köməyi oldu və “Rabitə” bütün dünyada canlı yayımlanan oyunlarda ölkəmizin adını uca tutaraq, çempionluq qazandı.

“Oyundan sonra rəqibin düşərgəsində ağlaşma var idi”

- Bəs ziyafət üçün yer sifariş edən rəqibin məğlubiyyətdən sonra vəziyyəti necə oldu?
- Onu deyə bilərəm ki, oyundan sonra “Vakıfbank Günəş TTelekom”un düşərgəsində çox böyük ağlaşma var idi. Həqiqətən də, bu acınacaqlı haldır. Mən bu halı heç kimə arzulamıram. İdman belədir. Ən əsası da voleybolda heç-heçə yoxdur. Burada ya udmalı, ya da uduzmalısan. Bu dəfə finalda qələbə bizə qismət oldu. Oyundan sonra məndə olan məlumata görə, baş məşqçiləri də etiraf edib ki, “Rabitə”nin həddən artıq belə güclü komanda olmasını gözləmirmiş. Belə bir komandanın qarşısında dayanmaq çətindir.

- Düzdür, rəqib komandanın italiyalı çalışdırıcısı Covanni Qidetti finalda uduzduqdan sonra “Rabitə”nin gücünü etiraf edib. Lakin onu da bildirib ki, “Vakıfbank Günəş TTelekom”ın 7 voleybolçusu milli komandalarının heyətində Avropa çempionatında çıxış etdiyindən onlar düşərgəyə yorğun gəlmişdilər...
- Xeyr, bu, artıq bəhanədir. Gəlin, mövcud vəziyyətə baxıb, təhlil aparaq: onların yığmasında olan voleybolçular Türkiyə millisində bir yerdə oynayırlar. Bu isə klub üçün çox böyük üstünlükdür, bir-birlərini yaxşı anlayırlar. Digər tərəfdən, “Rabitə”nin əsas oyunçularından ikisi - Silviya Popoviç və Nataşa Krsmanoviç sonradan heyətə qoşulublar. Onlar hətta finalda da çıxış edərək, çempion olublar. “Rabitə” də yarışa kimi tam heyətlə 1 oyun belə keçirə bilmədi. Bu azmış kimi, amerikalı legionerlərimiz Kimberli Qlass və Meri Spayser heyətdə yox idilər. Bütün halları götürdükdə onların dedikləri əsassızdır. Bundan əlavə, türklərin qrupu ilə bizim qrupla müqayisədə çox zəif idi. Onlar hətta məşq edib, belə növbəti oyuna çıxa bilirdilər. Oyun keçirmək üçün vaxt baxımından da “Vakıfbank Günəş TTelekom”un fasilələrlə meydana çıxdı. Biz isə 4 oyunu ardıcıl keçirdik. Yəni bunlara görə, rəqibin belə deməsinə haqqı yoxdur.

“Bu, düzgün yanaşma deyil”

- Bəs Çempionlar Liqası ilə dünya çempionatını necə müqayisə edərdiniz? Bəzi mətbu orqanlarda mundialda elə də güclü komandaların iştirak etmədiyi qeyd olunur...
- Təbii ki, medalın əyarına və yarışın adın görə dünya çempionatı ən möhtəşəm yarışdır. Dünya çempionatı Beynəlxalq Voleybol Federasiyasının dəstəyi ilə keçirilən bir turnirdir. Hər qitənin çempionları buraya toplaşdıqlarından oyunlar bütün ölkələrdə nümayiş etdirilir. Əgər hər hansısa belə yazıya rast gəlinirsə, bu, düzgün yanaşma deyil. Qonşu ölkənin də bəzi mətbuat orqanları komandaları zəif sayırlarsa, onlar ötən il “Fənərbaxça” çempion olduğu vaxtda yazdıqları şanlı yazılarla indikiləri yan-yana qoyub müqayisə etsinlər. Hələ bizə “wild card” verilərkən də Türkiyə klubu etiraz etmişdi. Amma onlara verilməli deyildi. Biz bilirdik ki, bu güzəşt verilərsə, yalnız Çempionlar Liqasının finalçısına çatacaq. “Rabitə” də Avropa Voleybol Konfederasiyasının bizə göstərdiyi etimadı doğrultdu və sübut etdik ki, komandamız çox güclüdür. Artıq Braziliyadan belə bizə təkliflər gəlməyə başlayıb. Onlar menecerlər vasitəsilə bizim kluba voleybolçular təklif edirlər. Bir sözlə, çempionluğumuza kölgə salmaq mümkün deyil. Avropa kubokları ilə müqayisədə, dünya çempionatı daha şərəflidir.

- Bəs bu mövsüm üçün ən yaxşı transfer kimi hesab edərdiniz?
- Nataşa Osmokroviçi demək olar. Onu çox çətinliklə transfer etdik. Bir qədər geciksəydik, Kazan “Dinamo”su onun keçidini rəsmiləşdirirdi. Amma bizim vaxtında təklif verməyimiz və oyunçu olaraq, onun seçimi “Rabitə” oldu. Belə deyək ki, bizim haradasa bəxtimiz də gətirdi ki, Nataşa komandamıza gəldi və bu da heyətimizin daha güclənməsinə səbəb oldu.

“Voleybol oynamasaydım, bu nailiyyətləri qazanmaq çətin olardı”

- Sizin voleybola böyük marağınızın olduğunu bilirik. Maraqlıdır, bir mütəxəssis kimi komandaya qıraqdan baxdıqda hansısa çatışmazlıq hiss olunurmu?
- Açığını deyim, Türkiyədə Çempionlar Liqasının finalında uduzduqdan sonra rəhbərliyə də bildirmişdim ki, çempionluğa hazır deyilik. Bu yarışda debütdə əsas gücümüzü “Dördlər finalı”na yüksəlməyə və burada ilk oyuna toplanmışdıq. Çünki son 7 ildə Çempionlar Liqasının qalibi İtaliya klubları olurdu. Burada Apennin təmsilçisini dayandıran isə “Rabitə” oldu. Yarımfinalda onları məhz biz udduq. Bu matçda isə bütün gücümüzü ortaya qoymuşduq ki, “Skavolini”yə qalib gəlməliyik. Digər tərəfdən isə top qəbulunda problemimiz var idi. Yarışın ortasında isə bunu aradan qaldırmaq mümkün deyildi. Eyni zamanda, Türkiyədə yerli komanda ilə oynamaq özü də bir qədər çətindir. Ev sahibliyi əlavə üstünlükdür. Məsələn, biz ötən mövsüm Polşa təmsilçisinə 2:3 hesabı ilə səfərdə uduzsaq da, onları evdə 3:0 hesabı ilə məğlub etdik. Yaxud, “Skovalini” klubumuza İtaliyada 3:2 hesabı ilə qalib gəldi, Bakıda isə biz 3:1 hesablı qələbə qazandıq. İtaliyalıların yarımfinala kimi 1 məğlubiyyəti var idi ki, onu da bizə uduzmuşdular. Bütün çətinliklərimizi bu il həll etdik. Hətta məşqçi ilə müqavilə imzalamamış biz problemlərimizi yoluna qoyduq. Baş məşqçimiz Zoran Qayiç gəldikdən sonra klubu daha da gücləndirdik. Almaniyalı Keti Rudzveyt və amerikalı Meri Speyseri transfer etdik. Sonradan heyət komplektləşdirdi. Siz düzgün qeyd edirsiniz ki, mən əgər voleybol oynamasaydım, bu nailiyyətləri qazanmaq çətin olardı.

- “Rabitə”yə klub rəhbərliyi tərəfindən hansısa mükafat verildimi?
- Bunlar hamısı olacaq. Kluba təşkilatçılar tərəfindən ayrılan 200 min dolların hamısı voleybolçulara paylanacaq. Əlavə də mükafat olacaq. Artıq bu məqsədlə rəhbərlik səviyyəsində mükafat ayrılıb. Çünki komandamız həmişə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun dəstəyini hiss edib.

- Məbləği açıqlaya bilərsinizmi?
- Mən istəyirəm ki, mükafat verildikdən sonra açıqlayım. Artıq bu deyilib. Nazirimiz Əli Abbasovun komandamıza çox böyük dəstəyi var və onun maliyyə tərəfindən köməkliyi olmasa idi, ən təcrübəli mütəxəssis belə uğur qazana bilməzdi.

“Bu il Super Liqa heç də asan olmayacaq”

- Super Liqa barədə nə deyə bilərsiniz? Təbii ki, çempionluğa oynayacaqsınız. Bu ildən 7 klubun iştirakı ilə olacaq yarışda əsas rəqib kimi hansı komandaların adlarını qeyd edə bilərsiniz?
- Azərbaycan çempionatı artıq tam yüksək səviyyədə keçir. Burada güclü komandalar var. Biz hədəflərimizi mərhələ-mərhələ həyata keçiririk. Birinci məqsədimiz çempion olmaq idi və bu addımımızı atdıq. İndi Çempionlar Liqasında yüksək səviyyədə çıxış etmək və finala vəsiqə qazanmaqdır. Nəyə görə belə deyirəm? Məşqçimiz də yüksək təfəkkürlü adamdır. Gərək voleybolçuları yükləməyəsən ki, mütləq bunu etməlisən. Onda çətinliklər ortaya çıxır. Ancaq komandaya söyləyəndə ki, indiyə kimi nə əziyyətlər çəkmişik, sizə nə tapşırıqlar vermişik, zəhmət çəkin öz oyununuzu 100 faiz göstərin. Artıq bu halda kim qalib gələcək, kim uduzacaq, bunu oyun göstərəcək. Təbii ki, planımıza Azərbaycan çempionluğu da daxildir. Burada isə “Azərreyl”, “İqtisadçı”, “Lokomotiv” və “Bakı” heyətlərini kifayət qədər gücləndiriblər. Bu il Super Liqa heç də asan olmayacaq. Ötən ilki ilə müqayisədə çox güclü olacaq.

- Bu ildən hər klubun əvəzedicilərin də çempionatı olacaq. Siz bu komandanı kimə etibar edəcəksiniz?
- Həmin komanda ilə yerli mütəxəssislər məşğuldurlar. Bu istiqamətdə işlərimizi artıq qurmuşuq. Amma bu bir qədər qaneedici deyil. Bu sahədə narazılığım çoxdur. Bu gün “Rabitə”nin dünya çempionu olmasına baxmayaraq, mən səmimi deyirəm ki, voleybola maraq indi-indi yüksəlir. Açıq danışaq, bu gün heç birimiz ya bacımızı, ya qızımızı voleybola buraxmırıq. Bu da mentalitetimizdən irəli gəlir. Lakin belə problem artıq geridə qalmaq üzrədir. Yəni legioner dəvət olunmalıdır və klublar oynamalıdır. Belə olan halda voleybola maraq artmalıdır. Ardınca təşkil etməlisən ki, yerli voleybolçular yetişsinlər. Belə hal isə 1-2 ilin söhbəti deyil. Yəni bu sahədə biz də ciddi çalışırıq, əvəzedici heyətlər yaratmışıq. Hətta Suraxanıda orta məktəbdə də bölmələr açmışıq. Lazım gələrsə, həvəsi daha da artırmaq üçün xaricdən də gənc voleybolçuları dəvət edəcəyik və hazırlıq onlarla birgə olacaq. Çalışırıq ki, millimizə layiqli voleybolçular yetişdirək. “Rabitə” adından dünyada necə söz etdirdisə, bunu yığmamız da bacarsın.

- Buradan belə nəticə çıxarmaq olar ki, klub prezidenti kimi hələ legioner limitinin tətbiqinin əleyhinəsiz...
- Fikrimcə, belə limitin tətbiqinə biz hazır deyilik. Ancaq mərhələ-mərhələ, yəni gələn ildən 1, ardınca 2 azərbaycanlı voleybolçu ilə və artıra-artıra getmək olar. Çünki hazırda Super Liqada çox güclü voleybolçular cəmləşib. Biz bu limiti qoymaqla, voleybola olan marağı öldürə bilərik. Müqayisə üçün Türkiyəni götürək. Onlar Avropa çempionatında gözəl çıxış etdilər. Lakin Azərbaycan voleybolu yüksəkdə dayandıqda, onlar zəif idilər. Həmişə “Azərreyl” onların ən güclüsü hesab edilən “Əczaçıbaşı”nı belə Türkiyədə 3:0 hesabı ilə udurdu. Həmin vaxtlar isə burada komandaların əsasını legionerlər təşkil edirdi və qıraqdan baxanda da belə anlama gəlinirdi ki, Türkiyədə voleybol var? Amma onlar bu addımı atmaqla və legioner limiti tətbiq etməməklə voleybola böyük maraq yaratdılar. Bu isə gənc nəslin yetişməsi ilə nəticələndi. Hazırda isə onlar bu səviyyəyə çatıblar. Eyni prosesdə Azərbaycanda da sürətlə gedir.

“Həmin insanda bir yüksəliş görmürəm”

- Siz əvəzedicilərlə bağlı fikirlərinizi bildirdiniz. Bəlkə bizdə lazımı voleybolçuların yetişməməsində bütün klublarımızın Avropa standartlarına cavab verən yüksək səviyyədə bazalarının, məşq zallarının olmaması da rol oynayır. Məsələn, “Rabitə” kimi komanda Bakı Olimpiya İdman Kompleksində icarə əsasında hazırlıq keçir...
- Bu məsələlərdə də problemlər var. Bizim hələ gənc komandamız üçün bir bazamız yoxdur. Əsas klub isə icarə əsasında kompleksdə məşqlər keçir. Təbii ki, baza olsa idi, daha çox gəncləri komandaya cəlb etmək olardı. Amma bu məsələdə bir çox irəliləyişlər də var. Bir çox klublar artıq özləri üçün bazalar yaradıblar. Amma ikinci problem kimi Azərbaycanda mütəxəssis çatışmazlığıdır. Əgər yüksək səviyyəli məşqçilərimizin sayı çox olsa, elə “Rabitə”yə də azərbaycanlı çalışdırıcı cəlb edərdik. Məsələn, komandamızda köməkçi məşqçi həmyerlimizdir. Bəlkə də 6 mütəxəssis dəyişmişik, lakin həmin insanda bir yüksəliş görmürəm.

- Yeri gəlmişkən, “Rabitə” rəhbərliyi texniki bazanın gücləndirilməsi istiqamətində belə bir addım atmağı planlaşdırırmı?
- Yəqin ki, bu məsələ ilə rəhbərlik səviyyəsində ciddi məşğul olacağıq. “Rabitə”yə də yaxşı bir baza yaradılsa, təbii ki, bu daha yaxşı olacaq. Yəni gələcək üçün bu milli komandamıza da öz töhfəsini verəcək.

Tahir HÜMMƏTOV
0