
AFFA-nın bir müddət əvvəl qəbul etdiyi yeni qərara əsasən, gələn mövsümdən etibarən Misli Premyer Liqasında 12 komanda çıxış edəcək.
Təbii ki, bu, özlüyündə I Liqada iştirak edən klublar üçün böyük bir şans və ümid yaradır.
Aşağı liqa təmsilçilərindən biri də bu gün haqqında bəhs edəcəyimiz MOİK-dir. Mərkəzi Ordu İdman Klubu (MOİK) 10 may 1961-ci ildə Bakı şəhərində yaradılıb.
Adından da göründüyü kimi, komanda milli ordu tərəfindən təsis olunub. Hazırda ölkə daxilində fəaliyyətini davam etdirən ən qədim 3-cü klub olan MOİK, I Liqanın turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Ordu təmsilçisi oyunlarını 1800 nəfərlik tutuma malik Binə qəsəbə stadinunda keçirir.
Klub hələ SSRİ dövründən fəaliyyət göstərir. MOİK Azərbaycan çempionatlarındakı çıxışları yadda qalıb. Komanda Azərbaycan SSRİ Liqasında 4, Azərbaycan SSRİ kubokunda isə 8 dəfə qızıl medalın sahibi olub.
1993-cü ildən etibarən I Liqada mübarizə aparan MOİK 1995 və 2019-cu illərdə bu turniri zirvədə bitirib.
I Liqa təmsilçisi Azərbaycan futbolunun müxtəlif dövrlərində aşağı liqadan Premyer Liqaya yüksəlməsi və yenidən elitanı tərk etməsi üzrə rekordçudur. Komanda 4 dəfə (2001-02, 2004-05, 2009-10, 2010-11) bu halla üz-üzə qalıb. Yetərincə maliyyə dəstəyinin ayrılmaması nəticəsində son 14 ildir ki, klub çıxışını I Liqada davam etdirir.
Yaxın keçmişə nəzər salsaq, görərik ki, 2018-19 mövsümündə I Liqanı lider tamamlayan komanda Premyer Liqaya yuxarıda saydığım səbəblərə görə yüksələ bilməyib. Yetərincə maliyyə dəstəyinin ayrılmaması nəticəsində son 14 ildir ki, komanda çıxışını I Liqada davam etdirir.
AFFA-nın qərarına əsasən, Premyer Liqaya yüksələn hər bir klub yüksək səviyyədə infrastruktur, maliyyə sabitliyinə sahib olmalı, uşaq futboluna önəm verməlidir. MOİK-də isə bu saydığım şeylər demək olar ki, yoxdur.
Ordu klubu hazırda aşağı yaş qrupları üzrə heç bir komandaya malik deyil. Həmçinin klubun stadion və məşq bazasının standartlara cavab verməməsi, onun elitaya qalxmaq şanslarını yox edir.
Lakin legioner limitinin ləğv olunması bu yöndə MOİK-in yolunu aça bilər. Digər komandaların əcnəbi futbolçularla heyət formalaşdıracağı mövsümdə ordu klubu yerli futbolçular üçün məskənə çevrilə bilər. Gənc və perspektivli azərbaycanlılar bu komandanın heyətində özlərini yaxşı tərəfdən göstərə bilərlər.
MOİK-in Premyer Liqada iştirak etmək üçün AFFA-nın tələblərinə uyğunlaşması olduqca vacib bir məsələdir. Bu, klubun gələcək inkişafını təmin etməyinə və yüksək səviyyəli futbol turnirlərində iştirak etməyinə gəitirib çıxara bilər.
Hazırda bu real görünmür. Lakin sadaladığım proseslərin sürətlə inkişaf etməsi nəticəsində şanlı ordumuzu təmsil edən komandanı yenidən Premyer Liqada görə bilərik. Ümidimiz də bu yöndədir…