“Bakı” Almaniyanın “Enerji” klubu ilə qarşılaşacaq
03.06.2008 - 18:11
“Bakı” Almaniyanın “Enerji” klubu ilə qarşılaşacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakı” klubu yeni mövsümün hazırlığını Sloveniyada keçirəcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən klubun baş meneceri Zeynal Məmmədovun sözlərinə görə, iyulun 15-dən 30-dək Ptuj şəhərində təlim-məşq toplanışı keçmək nəzərdə tutulub. Baş menecer səfərlə bağlı vaxt dəyişikliyinə Şengen vizasının əldə edilməsinin təsir göstərə biləcəyini söyləyib. Almaniyanın “Enerji” klubu ilə birgə hazırlıq keçəcək “Bakı” Bundesliqa təmsilçisi ilə yoxlama oyunu keçirməyi razılaşdırıb. Makedoniyalı mütəxəssis Qyoko Hacievskinin çalışdırdığı komanda qış fasiləsində Türkiyənin Antalya şəhərində 0:1 hesabı ilə məğlub olduğu “Enerji”dən Sloveniyada əvəz çıxmağa hazırlaşır. “Bakı” Sloveniya ilə yanaşı, Xorvatiya, Avstriya, Bolqarıstan və Rusiya klubları ilə də sınaq matçları keçirəcək. Z.Məmmədov heyəti tərk edən futbolçuların adlarını da açıqlayıb: “Orxan Mirzəyev, Andre Ladaqa, Bojan İliç, Vasif Əliyev, Hafiz Əliyev, Elnur Abbasov, Tərlan Xəlilov və Anatoli Ponomaryovla yollarımızı ayırdıq. Bizimlə hələ yarım il müqaviləsi ona Ponomaryova yeni klub tapmağı tövsiyə etmişik. Gürcüstanlı Aleksandr Qoqoberişvilini saxlamaq haqda düşünsək də, yəqin ki, həmyerlisi Amiran Muciri ilə vidalaşacağıq. Seneqallı hücumçu Eli Sissenin taleyini də müzakirə edirik. Yeni legionerlər arasına mərkəz yarımmüdafiəçisi ilə hücumçu olacaq”.
Qeyd edək ki, “Neftçi”nin sabiq yarımmüdafiəçisi Vadim Borets və onun meneceri ilə bu gün görüşən Z.Məmmədov moldovalı futbolçu ilə sabah iki illik müqavilə bağlayacaq.
0