“Canavarlar”ı Avropaya aparan yol - Turindən keçir
20.05.2022 - 10:33
“Canavarlar”ı Avropaya aparan yol - Turindən keçir

Bu gün İtaliya A seriyasında XXXVIII tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, mövsümün son turunun ilk günündə bir matç keçiriləcək.

Günün yeganə qarşılaşması Turində təşkil olunacaq. “Torino” öz meydanında “Roma”nı qəbul edəcək.

Bu qarşılaşmanı meydan sahibləri üçün formal saymaq olar. 50 xala malik turinlilərin turnir cədvəlinin əhəmiyyət kəsb etməyən 9-11-ci pillələrindən hansında qərarlaşacağı bu matçdan asılı ola bilər. 52 xallı “Verona”nı keçmək və əlavə göstəricilərdə qabaqladığı “Sassuolo”nu önə buraxmaq təhlükəsi ciddi sayılmır.

“Roma” üçün isə Avropaya yol Turindən keçir. 60 xallı “canavarlar” ən azı bir günlük “Latsio”ya çatıb şəxsi oyunlarda üstələyərək 5-ci pilləyə yüksəlmək üçün qalib gəlməlidir. Bu, həm də Avropa Liqasının qrupuna vəsiqə verəcək. 

Xal itkisi avrokubok şansını itirməyə də səbəb ola bilər. 59 xala malik “Fiorentina” ilə “Atalanta”dan birinin qələbəsi “canavarlar”ı Konfrans Liqasına getməyə, ikisinin də uğuru isə avrokuboksuz qalmağa məcbur edəcək. Amma hətta 8-ci pilləyə yuvarlansa, Joze Mourinyonun yetirmələri Konfrans Liqasının finalında qalib gəlməklə Avropa Liqasına düşmək üçün son şansını saxlayacaq.

⚽  22:45. “Torino” – “Roma”
 

0