Kamal Quliyev: "Yaltaqlıq, düşüklük eləsəydim, AFFA-da vəzifədə olardım" - "Ofsayd"
09.01.2020 - 12:29
Kamal Quliyev: "Yaltaqlıq, düşüklük eləsəydim, AFFA-da vəzifədə olardım" - "Ofsayd"

O, şübhəsiz ki, Azərbaycanın müstəqillik dönəminin ən yaxşı futbolçuları sırasındadır. Oynadığı klublarda daim aparıcı sima olub, milli komandamızın heyətində etibarlı çıxışı ilə seçilib. Azərbaycan futbolçularının kənara çıxa bilmədiyi illərdə Samir Əliyevlə birlikdə Ukraynaya yollanıb, "Volın"dakı çıxışı ilə rəğbət qazanıb və digərlərinə cığır açıb.

Məşqçilik karyerası da uğurlu başlayıb. Azərbaycanı ilk dəfə avrokubokların qrup mərhələsində təmsil edən "Neftçi"də köməkçi-məşqçi olub. Daha sonra "Neftçala" ilə ardıcıl iki il I divizionun qalibi adına yiyələnsə də, Premyer Liqaya buraxılmayıb.

Sumqayıt futbol məktəbinin yetirməsi olan "Neftçi", "Karvan", "Xəzər Lənkəran" kimi klubların ən yaxşı vaxtlarında formasını geyinən Kamal Quliyev hazırda evində oturub, hərdən Sumqayıt-Ağsu yolu üzrə marşrut sürür. Apasport.az saytının "Ofsayd" rubrikasının bugünkü qonağı olan 44 yaşlı mütəxəssis həmişəki kimi, yenə bir-birindən maraqlı fikirlər səsləndirib.

"Mənim yerimə hansısa qohumunu da işə götürə bilərdi"
- Hazırda nə işlə məşğulsunuz?

- Hələ ki, boş-bekaram. Bildiyiniz kimi, marşrutumuz var. Evdə çox oturanda ürəyim sıxılır, darıxıram. Arada özüm həmin maşınlardan birini sürürəm. Beləcə günümü keçirirəm.

- Hazırkı futbolçuların çoxunun kumiri olan Kamal Quliyevin Sumqayıt-Ağsu yolu üzrə marşrut sürücüsü olması Azərbaycan futbolu adına utancverici durum deyilmi?
- Şəxsən mən utanmıram, bununla fəxr edirəm. Amma Kamal Quliyevin kənarda qalması, belə bir işlə məşğul olması assosiasiya rəsmiləri üçün utancverici məqamdır. AFFA-da 300-dən çox işçi var. Onların içindən, bəlkə də, 10-15 nəfərin futbola əməyi keçib. Qalanlarının heç birinin futbolla əlaqəsi yoxdur. Ən dəhşətlisi odur ki, onların əksəriyyəti assosiasiyada bir yox, bir neçə işi görür. Kamal Quliyev necə işləsin? Mən adi futbolçulardan olmamışam. Ömrünü, həyatını, sağlamlığını futbola həsr etmiş birinə 300 nəfərin içində iş tapılmadımı?

- Sizin futbolçu karyeranız hazırda bu sektorda işləyən sabiq oyunçular üçün vaxtilə əlçatmaz arzu olub. Bəs necə olur ki, siz kənarda qalmısınız, onların çoxu rahatlıqla iş tapa bilirlər?
- Mənə yaxşı iş verilə bilərdi. Amma həmişə sözün düzünü deməyim, onların ayıblarını açmağım, düzgün yolu göstərməyim buna mane olub. Mənim kimilər onlara sərf eləmir. Başqaları kimi üzlərinə gülüb, yaltaqlıq, düşüklük eləyib, yanlarında quyruq bulasaydım, əlbəttə ki, indi AFFA-da hansısa vəzifədə olardım. Gəlin, reallıqla barışaq. Futbolçu kimi karyeram necə əlçatmaz idisə, məşqçi kimi də uğurlu başlamışdım. "Neftçi" klubuna məni dəvət edəndə Sadıq Sadıqovun dediyi sözləri unuda bilmirəm. Kamal Quliyevin yerinə hansısa bir qohumunu da işə götürə bilərdi. Amma mənə dedi ki, bu komandada sənin haqqın var. Əmim deyil, dayım deyil. Mütəxəssis rəhbər onun kimi olar. Onun əllərindən öpürəm.

“Milli komandalarda, klublarda məşqçiləri "karusel" kimi fırladırlar” 
- Sizin dövrün futbolçularının çoxunun indi biznesi, kirayədə evləri var. Halbuki onlardan az qazanmamısınız. İndi buna görə özünüzü günahlandırmırsınız?

- Açığı, bizim üç marşrut xəttimiz var. Evdə oturub oradan gələn pulla gündəlik dolanışığımı yola verə bilərəm. Dolanışığım beşindən aşağıdırsa, onundan yuxarıdır. Darıxdığım üçün çıxıram. Allah atamın canını sağ eləsin. Bəli, daha böyük biznesim ola bilərdi. Amma mən sizin dediyiniz adamlar kimi "krisa" olmadım. Pul-paramı qohumumdan necə gizlədə bilərdim? Hamı qazancımı bilirdi. Biri toy eləmək istəyirdi, birinə işə düzəlmək üçün pul lazım idi. Qapımı döyən əmimi, dayımı, bibimi, onların uşaqlarını əliboş qaytara bilməzdim. Onlara sevə-sevə kömək edirdim. İndi böyük biznes quran o futbolçular isə vaxtilə qohum-əqrəbalarını milyon faiz qapıdan əliboş qaytarıblar. Azərbaycanın öz mentaliteti var, biz təkcə özümüzü düşünməməliyik. Mənim bütün pulum qohumlarımın xeyrinə, şərinə, kiminsə xəstəsinə, kiminsə ziyarətə getməsinə xərclənib. "Krisalıq" edərək, pulu evdə gizlədib, qapımı döyən adama utanmadan "yoxumdur" deyə bilmədim. İndi nə qazanıramsa, Allah bərəkət versin.

- Sizin kimi, "Neftçi"də Böyükağa Hacıyevin köməkçisi olmuş Tərlan Əhmədov "ağ-qaralar"la 3-cü yeri tutdu, hazırda "Keşlə"ni çalışdırır. Siz isə "Neftçala"dakı işlə kifayətlənməli oldunuz. Məşqçilik karyeranız niyə alınmadı?
- "Neftçi"də məşqçilik karyeram uğurlu başladı. Ardıcıl 3 dəfə çempion olduq, ölkə kubokunu qazandıq, Avropa Liqasının qrup mərhələsinə yüksəldik. Sayılıb-seçilən məşqçilərimizin görə bilmədiyi işi mən qısa zamanda həyata keçirdim. Daha sonra baş məşqçi kimi "Neftçala" ilə ardıcıl iki il I divizionun qalibi olduq. Milli komandalarda, klublarda məşqçiləri "karusel" kimi fırladır, ordan-ora, burdan-bura atırlar. Təkcə mən yox, mənim kimi bir çox zəngin karyeraya malik futbolçu kənarda qalıb. Onlara da şans vermək lazımdır. U-21 yığmamızın baş məşqçisi Milan Obradoviçdən zəif, ölü oldum? Obradoviçə ayda 20 min pul verirlər, o isə bizi təhqir edir. Deyir ki, siz digər komandaları nə vaxt böyük hesabla udmusunuz? Ay yazıq, biz udmamışıq, sənə də həmin pulu ona görə veririk ki, sən qələbə qazanasan. Bəs o pulları niyə alırsan? Bunu deyən yoxdur. Mən bunları danışdığım üçün hazırda işsizəm.

"Neftçala" indinin "Sabah"ından, "Keşlə"sindən fərqlənmirdi”
- "Neftçala"da işləyərkən sizin "başqa planetin komandası" deyiminiz çox müzakirə olundu, hələ də gülüşlə yada salınır. Həmin vaxt bu fikri nəyə əsasən demişdiniz?
- Heç kimin acığına gəlməsin, "Neftçala" indinin "Sabah"ından, "Keşlə"sindən və ya Premyer Liqanın digər klublarından elə də fərqlənmirdi. O komandaya 1-2 legioner götürsəydim, elitada yüksək yerlər uğrunda oynayardıq. "Neftçala"da olan o uşaqları Azərbaycan futbolu itirdi. Onlar Premyer Liqada oynamağa layiq idilər. Yutubda "Neftçala"nın təlim-məşq toplanışlarındakı yoxlama oyunlarını yazıb baxsınlar. Kamal Quliyevin necə komanda qurduğunu və oradakı uşaqların hansı səviyyədə futbol oynadıqlarını görsünlər. Onlar Premyer Liqa arzusu ilə alışıb-yanırdılar. Həmin futbolçular bizim bir çox məşqimizin bilmədiyi futbol savadına malik idilər. Artıq mütəxəssis idilər. Premyer Liqanın 1-2 klubunu çıxmaqla, digərləri bizim kimi oyun analizləri aparmırdılar. Kor-təbii yox, öncədən planlaşdırılmış oyunumuz var idi. Təəssüf ki, sonda məlum hadisələr baş verdi. Mən həmin vaxt sakit dursaydım, etirazımı bildirməsəydim, uşaqlar düşünəcəkdilər ki, məşqçimiz də onlarla əlbirdir. Çəkdiyimiz əziyyətə "yandığımdan", AFFA rəsmiləri ilə "döyüşməyə" başladım. İstəsəydilər, "Neftçala"nı Premyer Liqaya buraxa bilərdilər. 9-cu yeri tutan "Kəpəz"i gətirdilər, milyonlar xərcləyib stadionunu düzəltdirdilər. Hanı indi həmin "Kəpəz"? Kimlərinsə pul qurbanına çevrildi və yenə məhv oldu, yuvarlandı quyunun dibinə. Oradan 5 manat pulları gəlmədiyindən, "Kəpəz"i yenidən məhv elədilər.

- "Kəpəz" və "Turan-Tovuz" gələn mövsüm yenidən Premyer Liqada iştirak edəcəklər...
- Etməlidirlər də. Azərbaycana futbolçuları Gəncə, Sumqayıt, Tovuz kimi bölgələr qazandırır. Futbol adət-ənənələri, mexanizmi olan yerlərdir. Gəncə kimi şəhərin Premyer Liqada komandası mütləq olmalıdır. Lənkəran futboluna o boyda xərc çəkildi, sonda onları futboldan iyrəndirdilər. "Xəzər Lənkəran"a dünya şöhrətli məşqçilər gətirdilər. Bu hadisələrin hamısı gözümüzün qarşısında oldu. Bunları görməmək üçün kor olmaq lazımdır.

"Akademiyaya 90 kq çəkisi olan 10 yaşlı uşaq götürmüşdülər"
- "Neftçi" akademiyasındakı işiniz isə daha çox qalmaqalla yadda qaldı. Akademiyada çalışmaq sizə görə deyildi, yoxsa işləməyinizə imkan verilmədi?

- Məni ora idman direktoru kimi göndərirdilər. Sadəcə, klub prezidenti bununla barışmaq istəmədi. Çünki orada idman direktoru olsaydım, həmin adam çirkin niyyətlərini həyata keçirə bilməyəcəkdi. Məsələn, lazımsız futbolçuları gətirə bilməyəcəkdilər, buna etiraz edəcəkdim. Gəlişimin qarşısını almaq üçün çox cəhd elədilər. Hətta Çingiz Abdullayevi AFFA prezidenti Rövnəq Abdullayevin yanına göndərdilər ki, "Neftçi"yə "şoferi" gətirirsiniz. Axırda Sadıq Sadıqov işə qarışdı, dedi ki, bu insan ömrünü-gününü futbola həsr edib. Gəlişimi əngəlləmək üçün çox don geydirməyə çalışdılar. Tapşırıq verdilər ki, hələlik akademiyada işə başlayım. Amma biri deyirdi ki, bu filankəsin oğludur, bu filankəsin qohumudur. Məşqçiləri də qınamıram, bir tikə çörək puluna görə susurdular. Bir gün gedib gördüm ki, 90 kq çəkisi olan 10 yaşlı uşaq götürüblər. Məşqi saxlatdırdım, uşağı çıxarıb onlara dedim ki, bura gələn valideynlərin üzünə necə baxırsınız, utanmırsınız? Orada işləyə-işləyə deyirdim ki, bura mənlik deyil. İşimin öhdəsindən hamıdan gözəl gəlirdim. Sadəcə, meydança istəyirdim. Əvəzedici heyətin baş məşqçisi getdi, rəhbərliyə müraciət elədim ki, mənə də şans verin. Başqaları kimi vaxt verilməsini də istəmədim. Dedim ki, komandanı mənə təhvil verin, bir dəyişiklik görməsəniz, özüm ərizəmi yazacağam. 

- Artıq 2020-ci ilə girmişik. Maliyyəni bir kənara qoysaq, peşəkar futbola başladığınız 1992-ci illə geridə qalan 2019-cu ili səviyyə baxımından müqayisə etdikdə hansısa fərq hiss edirsinizmi?
- Futbolumuz acınacaqlı vəziyyətdədir. İldən-ilə də aşağı düşür. Vallah, kənarda qaldığım üçün demirəm, bunu futbol azarkeşi də deyir. Sadəcə, orada oturan işçilər bir parça çörəyə görə danışa bilmirlər. Elin gözü tərəzidir. Təkcə "Qarabağ"ın uğurlu çıxışı Azərbaycan futbolunun uğuru demək deyil. Azərbaycan futbolunu o zaman uğurlu saymaq olar ki, milli komandaları nəticə verər. "Qarabağ"ın Avropada bizi sevindirməsi klubun düzgün idarə olunmasının nəticəsidir.

"İstedadlıları bələkdə boğuruq, uşaq futbolunda alverdir"
- Geridə qalan ildə milli komandamız AVRO-2020-nin seçmə mərhələsində 1 xal topladı, "Qarabağ" münasib qrupdan çıxa bilmədi. Bu nəticələrə əsasən, 2020-ci illə bağlı nəyə ümid etmək olar?
- Milli səviyyəsində çox zəif il keçirdik. Qorxuram ki, bu gedişlə 2-3 ildən sonra yığmaya futbolçu tapılmayacaq. Çünki inkişaf yoxdur. Futbolçu əziyyət çəkmək istəmir. Bizim kimi, Ukraynaya gedib, əsas heyət uğrunda mübarizə aparmır, təpiyə baş qoymur. Bilirlər ki, burada rahat oynayacaq, pullarını alacaqlar. Çünki onları əvəz edən yoxdur. İdmançının xarakteri olmalıdır. Futbolçularımızda bu çatışmazlıq var. Futbolla yaşamırlar. Seçdiyin peşəni sevməsən, uğur qazana bilməzsən. O ki qaldı "Qarabağ"a, məncə, ağır qrup idi. Qrupda "Sevilya" kimi nəhəng var idi. Bəli, öz əllərində idi, çıxa bilmədilər. Amma əsas odur ki, komanda qrupdan kənarda qalmadı, yeni təcrübələr qazandı.

- Sizin dönəminizdə hər komandanın lider futbolçuları var idi. Ancaq nəsil dəyişdikcə keyfiyyət aşağı düşür. Bəlkə problemin kökünü təməldə, uşaq futbolunda axtarmaq lazımdır?
- Tamamilə doğrudur. Bədbəxtliyimiz odur ki, istedadlı uşaqları bələkdə boğuruq. Uşaq futbolunda alverdir. Uşaq futbolunu salıblar Mərdəkana. Orada külək böyük adamı aparır, top dayanmır. Balaca uşaq necə oynasın? Uşağa futbolu sevdirmək əvəzinə iyrəndiririk.

"Kimlərinsə əlində kukla olmaram, diktəsi ilə oturub-durmaram"
- Dediyiniz kimi, futbolumuzda tapşırıq hələ də keçərlidir. Oğlunuzun belə mühitdə futbolçu olmasını istərdiniz?

- Elə buna görə də, oğlumu futbol oynamağa qoymadım. Hazırda da akademiyada oxuyur. Özünə demişdim ki, sənə görə heç kimə ağız açan deyiləm. İkinci oğlumun hansı peşəni seçəcəyini, inşallah, yaşayıb görərik. Şəxsən mən heç birinin bu iyrənc sahədə işləməyini istəmirəm. Bu o demək deyil ki, futbolu seçdiyim üçün peşmanam. Mən bu sahənin "as"ı olmuşam. Geriyə boylananda zəngin karyera görürəm.

- Futbolumuzun ildən-ilə gerilədiyini hər kəs görür. Siz özünüz də azarkeşlərin bundan narazı qaldığını dediniz. Bəs niyə bu sahəyə cavabdeh şəxslər bir əncam çəkmir, mütəxəssislər, ictimaiyyət problemləri qabartmır?
- İnanıram ki, yaxın vaxtlarda buna görə cavab verəcəklər. Dövlət başçımızın idmana, futbola qayğısı göz qabağındadır. Səlahiyyətli şəxslər ona cavab verəcəklər.

- Dediniz ki, kənarda qalmağınızın əsas səbəbi açıqsözlü olmağınızdır. Bəlkə xasiyyətinizi dəyişəsiniz?
- Mümkün olan şey deyil. Ac qalaram, o hərəkəti eləmərəm. Xasiyyətimi əsla dəyişmərəm, kimlərinsə əlində kukla olmaram. Öz fikrim, ideyam və sözüm var. Kimlərinsə diktəsi ilə, sözü ilə oturub-durmaram.
 

0
Kamal Quliyev Ofsayd Azərbaycan futbolu