Topaz Premyer Liqası: XXV turun cəzalıları
04.03.2015 - 11:45
Topaz Premyer Liqası: XXV turun cəzalıları

Topaz Premyer Liqasında cəzalı futbolçuların siyahısı bəlli olub. Apasport.az saytının məlumatına görə, XXIV turun qarşılaşmalarından sonra 3 futbolçu qırmızı, 4-ü isə sarı vərəqə üzündən cəzalı duruma düşüb.

 

Meydandan qovulan Ağabala Ramazanov (“Xəzər Lənkəran”) 2, Georgios Pelagios (“Bakı”) və Marko Stanoyeviç (“Simurq”) hərəyə 1 oyunluq cəza alıbsa, xəbərdarlıqlarının sayında limitə çatanlar da önündə “qırmızı işıq” görüb.

 

İtkilər daha çox “Bakı”ya təsir edəcək. XXV turun AZAL-la qarşılaşmasını Pelagiosla yanaşı, daha bir oyunçu buraxacaq. Bu, 4-cü sarı vərəqəsini alan Qeyrət Əliyevdi.

 

“Qəbələ” – “Sumqayıt” matçına isə hər iki komanda ciddi itki ilə çıxacaq. Meydan sahibləri 8-ci sarı vərəqəsini alan kapitan Ruslan Abışovun xidmətindən məhrumdu. Qonaqların təcrübəli oyunçusu Aleksandr Çertoqanov da bu rəqəmin 8-ə çatması üzündən turu buraxacaq.

 

“İnter” “Neftçi” ilə vacib paytaxt derbisinə itki ilə çıxacaq. Belə ki, Derlis Meza Kolli də sarı vərəqələrinin sayını 8-ə çatdırıb.

 

Qeyd edək ki, qırmızı vərəqə alanlardan Stanoyeviçin cəzası XXVI tura qalacaq. Buna səbəb “Simurq”un qarşıdakı turu buraxmasıdı. Ramazanov isə əvvəl “Qarabağ”, sonra isə AZAL-la görüşlərdə meydana çıxa bilməyəcək.

 

0