[b]Rio-2016: Sotomayor qalib gəldi, Teymur Məmmədov 1/4 finalda - YENİLƏNİB[/b]
12.08.2016 - 02:47
[b]Rio-2016: Sotomayor qalib gəldi, Teymur Məmmədov 1/4 finalda - YENİLƏNİB[/b]

Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının daha 4 üzvü mübarizəyə qoşulub

 

Rinqə ilk olaraq Cavid Çələbiyev çıxıb. 56 kq çəki dərəcəsində mübarizə aparan dəri əlcək ustamız yarışa 1/16 finaldan start verib. Onun rəqibi qazaxıstanlı Kayrat Yeraliyev olub. 1:2 hesabı ilə məğlub olan Cavid çıxışını başa vurub.

 

Bu döyüşdən 15 dəqiqə sonra daha bir təmsilçimiz yumruğunun gücünü sınayıb. 64 kq çəkidə mübarizə aparan Lorenzo Sotomayor da Olimpiadaya 1/16 finaldan başlayıb. Avropa Oyunlarının qızıl medalçısı debütdə ukraynalı Volodimir Matviçuku mübarizədən kənarlaşdırıb - 3:0. Bu nəticə ilə legioner boksçumuz 1/8 finala yüksəlib.

 

Gecənin üçüncü matçında Pərviz Bağırov (69 kq) çıxış edib. Dünya çempionatının bürünc, Avropa Oyunlarının isə qızıl medalını qazanmış gənc boksçumuz 1/8 finalda Fransa təmsilçisi Sissoko Süleyman Diopla münasibətlərinə aydınlıq gətirib. Təmsilçimiz rəqibinə 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

 

Nəhayət azərbaycanlı bokssevərlər gecəyə bayraqdarımız Teymur Məmmədovun çıxışı ilə yekun vuraublar. 81 kq çəkidə döyüşəcək London Olimpiadasının bürünc, Avropa Oyunlarının qızıl medalçısı ikinci matçını keçirib. O, 1/8 finalda hollandiyalı Peter Müllenberq ilə üz-üzə gəlib. Rəqibinə 3:0 hesabı ilə qalib gələn bayraqdarımız 1/4 finala yüksəlib.

0