[b]Qurbanov Muaremi Rantieyə qurban verir[/b]
01.06.2017 - 16:43
[b]Qurbanov Muaremi Rantieyə qurban verir[/b]

“Qarabağ” transfer siyahısında yer alan Tokelo Rantie ilə anlaşmaqda israrlıdı. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov 26 yaşlı hücumçunu ixtiyarında görmək arzusundadı.

 

Rantienin həm hücumun mərkəzində, həm də cinahlarda oynamaq bacarığı Ağdam klubunun çalışdırıcısının ürəyincədi. Universal futbolçularla işləməyi xoşlayan Qurbanov Çempionlar Liqasında çıxış edəcək komandaya Tokelonun əlavə güc qatacağı qənaətindədi.

 

Qurbanovun istəyini nəzərə alan rəhbərlik nəyin bahasına olur-olsun, bu keçidi həll etməyi düşünür. Danışıqları davam etdirən ağdamlıların təcrübəli futbolçunu Azərbaycana gətirmək şansı gündən-günə artır. Tokelonu razı salmaq üçün həmyerlisi, “Qarabağ”ın formasını geyinən Dino Ndlovu da bütün gücünü səfərbər edib.

 

Rantienin transferi rəsmiləşsə, “Qarabağ” rəhbərliyi və məşqçilər korpusundan fərqli, Muarem Muarem buna sevinə bilməyəcək. Çünki onun komandadakı taleyi ağdamlıların “transfer bazarı”ndakı fəaliyyətindən asılıdı. Məhz bu səbəbdən “Qarabağ” makedoniyalı futbolçu ilə hələ də yeni müqavilə imzalamayıb. Komandanı gücləndirmək mümkün olsa, Muaremlə yollar ayrılacaq. Çünki Qurban Qurbanov Premyer Liqanın son mövsümündə 23 oyunda 4 qola imza atan “10 nömrə”nin çıxışından tam razı deyil. Çempionlar Liqasında qrup mərhələsini hədəfləyən təcrübəli mütəxəssis arzusunu reallaşdırmaq üçün daha güclü heyətə sahib olmaq istəyir.

 

Qeyd edək ki, 2016-cı ilin yayından “Gənclərbirliyi”nin formasını geyinən Tokelo Rantie əvvəllər “Malmö” və “Bornmut” klublarında da çıxış edib. 2012-ci ildən CAR millisinin şərəfini qoruyan forvard 38 matçda 10 qola imza atıb.