“Astra” ilə oyunda qolsuz heç-heçə etməsinə rəğmən mübarizəni dayandıran “Zirə”nin hücumçusu Riçard Qadze matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Bu qədər qol epizodu yaratsanız da, istifadə edə bilmədiniz. Səbəbi təcrübəsizlikdi?
- Biz ilk dəqiqədən sona qədər yaxşı mübarizə apardıq. Meydanı da məğlub tərk etmədik. Bu heç-heçə mübarizəni davam etdirmək üçün yetərli olmasa da, bizə Premyer Liqada uğurlu çıxış edəcəyimizlə bağlı motivasiya verdi.
- Siz komanda yoldaşlarınızdan daha çox çalışdınız. Düşünmürsüz, onlar da sizin qədər xarakter nümayiş etdirsəydilər, bu gün mərhələ adlayacaqdınız?
- Biz bir komandayıq. Heyətimizdə fərdi keyfiyyətlərinə görə seçilən futbolçular var. Amma heç kimi ittiham edə bilmərəm. Uduzanda da, udanda da bir yerdə olmalıyıq.
- Bu gün uğur qazanmaq üçün nə çatmadı?
- Uğur bizdən üz döndərmişdi. Çünki əvvəldən sona qədər yaxşı mübarizə apardıq. Amma cəhdlərimizə baxmayaraq, qapıya düşə bilmədik.
- Yəqin ki, 6-cı dəqiqədə qaçırdığınız epizodu heç vaxt unutmayacaqsınız?
- Təkbətək çıxmışdım, amma top sol ayağıma düşdü. Həmin anda yeganə çıxış yolum qapı istiqamətində zərbə endirmək idi. Futboldu, belə də olur.
- Rəqib komandanın üzvləri oyunun əvvəlində vaxtı “öldürməy”ə başladılar. Sizə necə təsir edirdi onların hərəkəti?
- Əlbəttə, müəyyən qədər təsiri oldu. Amma futbolda bunun özü də bir strategiyadı və hörmətlə yanaşmaq lazımdı. Rəqib göstərdiyimiz təzyiqə uyğun bu cür addım atırdı.
- Hakim idarəçiliyi oyuna necə təsir etdi?
- Müəyyən epizodlarda hakimlər yanlış qərarlar verdi. Amma qaçırdığımız real qol epizodları daha çox oldu.