21 yaşadək futbolçulardan ibarət yığmanın müvəqqəti olaraq baş məşqçisi təyin edilən Samir Ələkbərovun apasport.az saytına müsahibəsi
- Yeni təyinatınızla bağlı fikirlərinizi bilmək istərdik...
- Məni AFFA-ya dəvət etdilər. Dedilər ki, qarşıdakı 3 oyunda komandaya rəhbərlik etməyini istəyirik. Mən də razılaşaraq, təklifi qəbul etdim.
- Qarşıdakı 3 görüşün nəticəsindən asılı olaraq, U-21-də qalmaq şansınız varmı? Rəhbərliklə danışığınız, anlaşmanız necə olub?
- Bunu gələcək göstərər. Amma dediyiniz məsələ ilə bağlı söhbətimiz olmayıb. Sadəcə, qarşıdakı 3 oyuna komandanı mən çıxaracam. Köməkçilərim də Aslan Kərimov və Cahangir Həsənzadə olacaq.
- Heyətdə dəyişikliklər etməyi planlaşdırırsızmı?
- Qlobal dəyişiklik olmayacaq. Kimlər varsa, onları yaxın günlərdə ələkdən keçirəcəyik. Böyük dəyişikliklər nəzərdə tutulmayıb. Amma bəzi dəyişikliklər mütləq olacaq.
- Rəhbərlik 3 oyunda qarşınıza nə hədəf qoyub?
- Qarşıma konkret neçə xal toplamaq tapşırığı qoyulmayıb. Amma bildirilib ki, komandada dəyişiklik, yenilik olmalıdı.
- İlk sınağınız oktyabrın 6-da səfərdə Almaniya yığmasına qarşı olacaq. Eyni rəqiblə noyabrın 9-da Bakıda, 5 gün sonra isə Kosovo millisi ilə üz-üzə gələcəksiz. Bu matçlarda hansı nəticəyə ümid edirsiz?
- Bəli, komanda mənim rəhbərliyim altında ilk matçını almanlara qarşı keçirəcək. Çalışacağıq ki, hər 3 oyunda meydanı yaxşı nəticə ilə tərk edək. Heç olmasa, heç-heçəyə imza ataq. Qələbə də qazanmaq istərdik.
- Almanlardan xal və ya xallar almağımız nə dərəcədə inandırıcıdı?
- (gülür) Qorxacağıqsa, daha nə oldu? Çalışacağıq ki, elə almanlardan da xal götürək, yaxşı nəticələrə imza ataq.
- U-21-dən ayrılan Yaşar Vahabzadə ilə komanda haqda və ya hansısa futbolçu ilə bağlı müzakirə aparmağı düşünürsüzmü?
- Təbii ki, bunu edəcəm. Yaşar müəllimin halallığını alacam. Çünki onun işini davam etdirəcəm. Həm Yaşar Vahabzadə ilə, həm də Məşqçilər Komitəsindəki mütəxəssislərlə görüşüb, müzakirələr aparacam, məsləhətlərini alacam.
- U-21 daha çox milliləşdirilmiş futbolçulara görə tənqid olunub. Hamı bir işə yaramayan əcnəbilərin yerində yerli oyunçuları görmək istəyir. Bu baxımdan dəyişiklik etmək fikriniz varmı?
- Çalışacağıq ki, legionerlərin sayını azaldaq. Mən də yerli uşaqlara üstünlük vermək istərdim. Amma əcnəbilərdən kimləri çağırıb-çağırmayacağımı hələ müəyyənləşdirməmişəm. Bu barədə fikir bildirmək tezdi. Siyahıya baxandan sonra qərar verəcəm.
Tengiz MƏMMƏDOV