Rövşən Bayramov dünyanın ən güclü güləşçisi seçilib
06.11.2008 - 15:28
Rövşən Bayramov dünyanın ən güclü güləşçisi seçilib
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİLA) 2008-ci ilin ən güclü pəhləvanlarının adlarını açıqlayıb. “APA-Sport”un Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmisi Mətləb Abdullayevə istinadən verdiyi məlumata görə, yunan-Roma güləşi üzrə milli komandamızın üzvü Rövşən Bayramov (55 kq) da fərqləndirilənlər sırasında yer alıb.

FİLA Avropa çempionatının qızıl, Pekin olimpiadasının gümüş mükafatçısı olan 20 yaşlı həmyerlimizi 2008-ci ilin ən güclü “klassik” güləşçisi seçib. Artıq bununla bağlı AGF-yə faks da daxil olub. Bayramovla yanaşı, ukraynalı Vasili Fedorişin (60 kq) ən güclü sərbəst güləşçi, bolqarıstanlı Stanka Zlateva (72 kq) isə qadın güləşçi adına layiq görülüblər.

Adıçəkilən pəhləvanlar gələn il aprelin 1-də Litvanın paytaxtı Vilnüsdə mükafatlandırılacaqlar.


0