Türkdilli ölkələr arasında şahmat üzrə açıq çempionat keçiriləcək
12.05.2026 - 10:57
Türkdilli ölkələr arasında şahmat üzrə açıq çempionat keçiriləcək

Qazaxıstanın Astana şəhərində türkdilli ölkələr arasında şahmat üzrə açıq çempionat təşkil olunacaq. 

Apasport.az xəbər verir ki, 14-17 may tarixlərində keçiriləcək yarışda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan şahmatçıları iştirak edəcək.

Ölkəmiz çempionatda həm kişilər, həm də qadınların yarışında mübarizə aparacaq. 

Kişi şahmatçılardan ibarət Azərbaycan komandasında Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimli çıxış edəcək. Komandanın kapitanı Qədir Hüseynov olacaq. 

Qadınların yarışında komandanın heyətinə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət edilib. Kapitan kimi İlahə Qədimova təsdiqlənib.

Turnir çərçivəsində eyni zamanda 16 yaşlılar arasında çempionat keçiriləcək. U16 turnirində ölkəmizi kapitan Fərid Abbasovun rəhbərliyi altında Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə, Lalə Hüseynova təmsil edəcək. 

Reqlamentə əsasən 45 dəqiqədən ibarət partiyalarda hər gedişə 30 saniyə əlavə olunacaq. Ümumilikdə 7 tur oynanılacaq.