
Azərbaycan klubları üçün avrokuboklar həftəsi uğurlu alınıb.
Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsinin ilk oyunlarına çıxan 4 təmsilçimiz raundu məğlubiyyətsiz tamamlayıb.
Klublarımız 3 qələbə qazanıb və 1 heç-heçə edib. Bu, ölkəmizin UEFA reytinqinə 0,875 xal gətirib.
Çempionlar Liqasında “Qarabağ” İrlandiyada “Şelburn”u 3:0, Konfrans Liqasında “Sabah” Moldovada “Petrokub”u 2:0, “Araz-Naxçıvan” evdə Yunanıstan “Aris”ini 2:1 hesabı ilə məğlub edib. “Zirə” Xorvatiya “Hayduk”u ilə ev görüşündə bərabərliyə nail olub – 1:1.
Bu, avrokuboklar tarixində ən yaxşı nəticədir. Ümumilikdə 3-cü dəfə Azərbaycan klubları bir həftədə 3 qələbə qazanıb. 2013-cü il iyulun 11-də üç komanda meydana çıxıb və hamısı qalib gəlib. Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşlərində “İnter” (indiki “Şamaxı”) “Mariehamn”ı (Finlandiya) 2:0, “Qarabağ” “Metallurq”u (Şimali Makedoniya) 1:0, “Xəzər Lənkəran” “Slima”nı (Malta) 1:0 hesabı ilə məğlub edib. Həmin vaxt Çempionlar Liqasındakı təmsilçimiz “Neftçi” mübarizəyə II təsnifat mərhələsindən başlayıb.
Ötən yay da 3 qələbə yaşanan həftə olub. İyulun 23-də “Qarabağ” “Linkoln”u (Cəbəllütariq) Çempionlar Liqasında 2:0, iki gün sonra Konfrans Liqasında “Sabah” “Makkabi”ni (Hayfa, İsrail) 3:0, “Zirə” “Dunayska Streda”nı (Slovakiya) 4:0 hesabı ilə məğlub edib. II təsnifat mərhələsinin ilk qarşılaşmaları yalnız “Fehervar”a (Macarıstan) 1:2 hesabı ilə uduzan “Sumqayıt” üçün uğursuz olub.